BAKI, 21 aprel. TELEQRAF

İsrailin Azərbaycandakı səfirliyi Bakıda Yom HaZikaron – İsrailin müharibələrində həlak olmuş əsgərlərin və terror qurbanlarının xatirə günü münasibətilə anım mərasimi keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu il İsrail müharibələrdə həlak olmuş 25,648 nəfəri və terror aktlarının 5,313 qurbanını yad edir.

Mərasimdə çıxış edən səfir Ronen Kraus vurğulayıb ki, bunlar sadəcə rəqəmlər deyil, dünyalardır – yarımçıq qalan həyat hekayələri, reallaşmamış arzular, hər gün bu ağrını daşıyan ailələr və icmalardır.

Tədbirdə eyni zamanda İsrail dövlətinə xidmət zamanı diplomatiyanın ön cəbhəsində cəsarət və sədaqətlə çalışarkən həyatını itirmiş diplomatik korpus əməkdaşlarının xatirəsi anılıb.

Yəhudi-İsrail icmasının üzvlərinin və şəhid ailələrinin iştirakı ilə keçirilən mərasimdə həlak olanların xatirəsi ehtiramla yad edilib, sülh və daha yaxşı gələcək üçün ümidlər ifadə olunub.