ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycanın işğaldan azad edilmiş əraziləri, o cümlədən Zəngilan rayonu hazırda öz tarixinin yeni və parlaq dövrünü yaşayır".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış, infrastruktur və mədəniyyət abidələri məhv edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Onun sözlərinə görə, Zəngilanın mərkəzində və kəndlərində həyata keçirilən layihələr regionun sürətli dirçəlişinin bariz nümunəsidir.
Çıxış zamanı azad edilmiş torpaqlarda həyata keçirilən infrastruktur layihələrinin miqyası açıqlanıb.
Qeyd olunub ki, qısa müddət ərzində 1 400 km-dən çox avtomobil yolu tikilib, 120 km-dən artıq dəmir yolu xətti çəkilib, 392 körpü və 7 tunel tam istifadəyə verilib (daha 31 tuneldə qazma işləri başa çatıb), 3 beynəlxalq hava limanı istismara verilib.
Şahin Mustafayev vurğulayıb ki, Zəngilanın Ağalı kəndi bərpa işlərindən sonra keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdığı ilk yaşayış məntəqəsi kimi tarixə düşüb:
“Görülən işlərin nəticəsi olaraq hazırda azad olunmuş ərazilərdə 75 mindən çox insan məskunlaşıb. Bu şəxslər həmin torpaqlarda yaşayır, çalışır və təhsil alırlar”.