BAKI, 19 may. TELEQRAF
Ombudsman təsisatı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının icrasını, həmçinin ayrı-seçkiliyin qarşısının alınmasını tənzimləyən müstəqil monitorinq mexanizmi funksiyasını daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda iclasda bildirib.
S.Əliyevanın sözlərinə görə, mövcud mandat reallığın qiymətləndirilməsi və problemlərin aradan qaldırılması üçün əsaslandırılmış tövsiyələrin verilməsinə imkan yaradır:
“Bu kontekstdə paytaxtın mərkəzi hissələrində yerləşən ictimai məkanların, yerüstü və yeraltı piyada keçidlərinin, nəqliyyat sisteminin və informasiya infrastrukturunun əlçatanlığı yoxlanılıb. Vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu prosesə “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təmsilçisi də cəlb olunub”.
Müvəkkil qeyd edib ki, yoxlamaların nəticələri hesabat şəklində ümumiləşdirilərək müvafiq instansiyalara təqdim edilib.
Ombudsman vurğulayıb ki, layihələndirmə və qərar qəbulu prosesində əlilliyi olan şəxslərin birbaşa iştirakı mütləqdir:
"Ən doğru və dayanıqlı həll yolları məhz gündəlik həyatda bu çətinliklərlə üzləşən insanların təcrübələri nəzərə alındıqda tapılır".