BAKI, 19 may. TELEQRAF
Forum dayanıqlı inkişaf, sosial inklüzivlik və insan hüquqları istiqamətində qlobal müzakirələrin aparılması baxımından böyük önəm daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda iclasda bildirib.
Müvəkkil müasir şəhərlərin tərəqqisinin yalnız memarlıq həlləri, infrastruktur və nəqliyyat şəbəkəsi ilə məhdudlaşmadığını bildirib:
“Əsl inkişaf meyarı ilk növbədə fərdlər üçün yaradılan real gündəlik həyat şəraiti, əlçatanlıq, təhlükəsizlik, rahatlıq və insan ləyaqətinə göstərilən hörmətlə ölçülür”.
Səbinə Əliyeva diqqətə çatdırıb ki, inklüziv şəhərlərin salınması bərabər imkanların təmin edilməsi, sosial ədalətin bərqərar olunması və fərdin öz gündəlik həyatını müstəqil qura bilməsi üçün əsas şərtdir.
Ombudsman əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasının maneəsiz mühitdən asılı olduğunu xatırladıb.
O, təcrübəyə əsaslanaraq əlavə edib ki, bu kateqoriyadan olan insanların qarşılaşdıqları çətinliklərin əksəriyyəti məhz ətraf mühitin düzgün layihələndirilməməsindən irəli gəlir.