Stomatoloq Yasəmən Əliyeva: “Dişlərə qulluq gələcək ananın düzgün qidalanmasından başlayır”
Diş xəstəliklərinin qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Peşəkar diş həkimlərinin iş prinsipinin əsasında bu fikir dayanır. Stomatoloq Yasəmən Əliyeva da iş təcrübəsində bu fikrə xüsusi önəm verdiyini bildirir.
Əlbəttə, sağlam dişlərə sahib insanın özünə güvənən, cəlbedici gülüşə nail olmaq hər kəsin arzusudur. Həm qidamızı xırdalayan, həm danışıq, həm də gülüş atributu olan dişlərimizə zamanında və düzgün qayğı göstərmədikdə isə sağlamlığımızla yanaşı, normal danışıq və gözəl gülüşə də həsrət qalırıq.
“Müraciət edənlərin 90 faizində...”
Yasəmən Əliyeva deyir ki, diş problemi ilə bağlı müraciət edənlərin 90 faizində əsas diş xəstəliklərindən olan kariyesi müşahidə edir. Stomatoloq hesab edir ki, dişlərin qayğısına uşaq ana bətnində olarkən qalınmalıdır: “Hamilə qadın dölün inkişafı dövründə, yəni 9 ay ərzində ginekoloq nəzarətində olduğu kimi, stomatoloq tövsiyələrindən də yararlanmalıdır. Daha doğrusu, ana olmağa hazırlaşan qadın yaxşı olardı ki, öncə dişlərinin qayğısına qalsın. Diş kariyesinin qarşısını almaq üçün profilaktik tədbirlər vacibdir. Profilaktik tədbirlər isə bir neçə mərhələdən keçir. I mərhələdə ümumi orqanizmin sağlamlığı qorunmalıdır. Yəni tək ağız boşluğu deyil, ümumi orqanizmin sağlamlığı, daxili orqanlarından - qara ciyər, böyrək, mədə-bağırsaq sisteminin sağlamlığı əsasdır. İkinci profilaktik tədbir zamanı isə ağız boşluğunda dişlərin, yumşaq toxumaların - damaqlar və dilin qayğısına qalınmalıdır”.
Stomatoloji xəstəliklərin qənimi flüor
Stomatoloqun sözlərinə görə, profilaktik tədbirlər ən çox hamiləlik dövründə aparılmalıdır və gələcək uşaqda kariyesin qarşısını almaq üçün hamilə qadın mikroelementlərlə, vitaminlərlə bol olan qidalar qəbul etməlidir: “Bununla bərabər içməli suyun da tərkibi flüorla zəngin olmalıdır. İçməli suyun tərkibindəki flüor 0,8-1,2 millilitr hesab olunur. Flüor bütün stomatoloji xəstəliklərin, eləcə də kariyesin qarşısının alınmasında əsas vasitədir. Əlbəttə, tək flüor deyil, digər vacib preparatlar da tətbiq edilməlidir.
Hesablamalar nəticəsində müəyyən edilib ki, uşaq ana bətnindəykən qadınların gündəlik qidası 150-200 qram ət və ət məhsulları, 1 yumurta, 100 qram kəsmik, 2-3 stəkan süd, 50 qram yağ, 800 qramadək müxtəlif meyvə və tərəvəz məhsullarından ibarət olmalıdır. Hazırda müalicə-profilaktik təyinatlı qida reseptləri də var ki, bunlar da tətbiq oluna bilər".
Ana bətnindən etibarən qulluq tələb edən dişlər
Yasəmən Əliyevanın sözlərinə görə, kariyesin yaranmasında xarici mühitin rolu da təsirsiz deyil: “Ən böyük xarici amil düzgün olmayan qidalanma hesab edilir. Aparılmış eksperimental, kliniki tədqiqatlar və xəstələr üzərindəki praktiki müşahidələrə əsasən deyə bilərəm ki, kariyesin etimologiyasında tarazlaşdırılmamış qidalanmanın və onun ayrı-ayrı komponentlərinin rolu böyükdür. Ona görə də təkrar olaraq bir daha vurğulayıram ki, uşaq ana bətnində olarkən ana kəmiyyət və keyfiyyət baxımından qədərincə qidalanmalıdır. Ana səmərəli qidalanmadıqda, dölün inkişafı düzgün getmir və xüsusən kalsium və fosfor dölə keçmir. Nəticədə həm ananın, həm də dölün orqanizmində müəyyən maddələr çatışmır. Odur ki, uşaq ana bətnində olduğu dövrdən düz 14-15 yaşadək, yəni dişlərin mayasının qoyulduğu vaxtdan minerallaşma üçün formalaşdığı dövrə qədər qida kariyesin yaranmasında daha çox rol oynayır”.
Stomatoloq deyir ki, kariyes əleyhinə III profilaktik tədbir artıq kariyesli dişlər aşkar olunduqdan sonra aparılır: “Kariyeslə zədələnmiş dişlərdə səthi, orta, dərin kariyes zədələnmə mərhələsinə uyğun olaraq müalicə üsulu seçilir. Xəstəliyi səthi - fissur kariyes mərhələsində aşkarladıqda, müalicə daha asan olur. Çünki ilkin mərhələdə ağız boşluğunda zərərli mikroorqanizmlər çox olmur”.
Yasəmən Əliyeva kariyes baş vermədən də diş daşları yarandıqda kariyesin əmələ gəlməsinin sürətləndiyini qeyd edir: “Çünki diş daşlarının tərkibində elə mikroorqanizmər var ki, onlar kariyesin birbaşa əmələ gəlməsinin səbəbkarıdır və ağız boşluğunda turşulu mühit yaradır, bununla da kariyesin əmələ gəlməsi tezləşir. Qaldı ki, kariyes əmələ gəldikdən sonra onun müalicəsi və qarşısının alınmasına, bu, artıq klinika şəraitində kariyesin dərəcəsindən asılı olaraq həkim tərəfindən müəyyən edilir”.
Bərk qidaların vacib rolu
Doktor tövsiyəsinə görə, kariyesin baş verməməsi üçün şirniyyat qəbulundan sonra B və C vitaminlərinin qəbulu məsləhətdir: “Kariyesin profilaktikasında sorbit və ksilit olan karbohidratlar mühüm rol oynayır. Dişdə 20-dən çox mikroelement var. Amma bunların əsasını kalium, kalsium, natrium, ferium və fosfor təşkil edir. Kalsiuma olan gündəlik tələbat yaşa uyğundur. Südəmər uşaqların kalsiuma tələbatı 0,15-0,18 qramdırsa, 6-7 yaş uşaqlarda 0,3-0,5 qramdır. Daha yuxarı yaşlı uşaqlarda 1 qrama yaxındır. Kalsium sümüklərin, xüsusilə dişlərin formalaşmasında böyük rol oynayır.
Profilaktik tədbirlər zamanı qida qəbulu rejiminə düzgün əməl olunmalıdır. Qida qəbulu rejimi heç də gündə 3 dəfə yemək deyil. Qida rasionunun lazımi mikroelemntlərlə zəngin olması və stabil bir rejimdə yeyilməsi vacidir. Uşaqlarda, yeniyetmələrdə buna xüsusi diqqət yetirilməlidir. Diş qidamızı ilkin mexaniki emal edən orqandır. Yaxşı ceynənilmiş qida mədə-bağırsaq sistemində də yaxşı mənimsənir. Uşaqlar hər gün qidalanma zamanı bərk qidalar - yerkökü, turp, kələm, alma, armud, heyva, quru çörək yeməlidirlər. Belə qidalar çeynəmə aparatının qan təchizatını yaxşılaşdırır. Digər tərəfdən, bərk qidalar dişləri mexaniki surətdə təmizləyir. Uşaqların qida rejimi ilə yanaşı yuxu rejiminə də əməl edilməlidir".
Həkim onu da bildirdi ki, stomatoloji xəstəliklərin baş verməsinə səbəb olan əsas amillərdən biri də ağız boşluğuna düzgün qulluq edilməməsidir: “Ağız boşluğu orqanlarına müntəzəm qulluq mühüm yer tutur. Keçmişdəki insanlarla bu günün insanlarının qidalanmasını müqayisə etsək, həm kəmiyyət, həm də xüsusən keyfiyyət baxımından çox dəyişiklərin şahidi olarıq. Hazırda qəbul edilən qidaların əksəriyyətini yumşaq qidalar, xüsusən şirniyyat təşkil edir. Yumşaq qidaların qəbulundan sonra dişlərin arasında, üstündə çoxlu qida qalıqları qalır ki, o da bir çox mikrobların əmələ gəlməsinə şərait yaradır. Uşaqlarda xüsusən ilk yaşlarda mina qatı möhkəm olmur və diş üzərində toplanan ərplərinin altında qalmış şəkər, qida qalıqları mikrobların təsiri nəticəsində çürüyür, qıcqırır və nəticədə dişin mina qatında kariyes əmələ gəlir. Ona görə də ağız boşluğu orqanlarına qulluq etmək stomatoloji problemlərin aradan qaldırılmasında mühüm yer tutur”.
Həkim deyir ki, başqa tibbi göstəriş yoxdursa, dişlərə iki dəfə - səhər və axşam gigiyenik qulluq edilməlidir: “Dişləri təmizləməzdən əvvəl yaxşı olar ki, adi otaq temperaturlu su ilə, yaxud 1,2 faizli soda məhlulu ilə ağız boşluğu yaxalansın. Dişlər ən azı gündə bir dəfə səhərlər təmizlənməlidir. Günorta və axşam ağız boşluğu yaxalana da bilər. Uşaqlara 3, 3 yaş yarımdan başlayaraq dişlərə qulluq etmək qaydalarını öyrətmək lazımdır. Əvvəlcə dişləri fırça ilə təmizləməyə uşaqlar alışdırılmalıdır. Öncə fırçanın hansı qaydada tutulması uşaqlara aşılanmalıdır. Amma ümumlikdə uşaqlar adətən 4-5 yaşından başlayaraq dadı xoş olan, bitki tərkibli diş məcunu ilə dişlərinə qulluq etməyə başlamalıdır”.
Diş məcunu necə seçilməli?
Qeyd edək ki, diş məcunları hazırlandıqda özünə hörmət edən şirkət adətən pasta qablarının ağzını folqa kağızı ilə qapatmış olur. Həkim söyləyir ki, diş pastaları seçilərkən onun tərkibinə diqqət edilməlidir. Məcunlar dişin xüsusiyyətinə, kariyes dərəcəsinə görə seçilməlidir: “Yaxşı olardı ki, məcunlar dişlə tanış olan həkim təyinatı ilə seçilsin. Adətən vicdanlı, peşəkar həkimlər daha düzgün istiqamətli tövsiyələr verirlər. Bir çox diş məcunlarının tərkibində zəhər hesab olunan ftor kimyəvi elementi var. İnsan gün ərzində 2-3 milliqram ftoru içdiyi sudan alır. Bundan əlavə, ftor balıq, çay və almanın tərkibində də var”.
Yeri gəlmişkən onu da bildirək ki, bütün diş məcunlarının aşağı nahiyəsində yaşıl, tünd göy, yaxud qırmızı xətt olur. Yaşıl rəng bu məcunun bitki tərkibli, tünd göy kimyəvi tərkibli, qırmızı rəng isə həm bitki, həm də kimyəvi tərkibin qarışığı olmasına işarədir.
Dişi sürtmək yox, fırça ilə “süpürmək” məsləhətdir
Həkim dediyinə görə, diş sürtmək yox, diş fırçalamaq anlayışını qəbul etmək daha düzgündür. Çünki diş fırçası diş üzərindəki qalıqları, diş çöküntülərini bir növ süpürmək, dişdən kənarlaşdırmaq funksiyasını yerinə yetirən alətlər: “Bunun üçün öncə diş fırçası düzgün seçilməlidir. Hazırda bir neçə növ diş fırçaları mövcuddur. Diş fırçaları üçün təbii və süni liflərdən istifadə olur. Yaxşı olardı ki, diş fırçaları da seçilərkən stomatoloqdan məsləhət alınsın. Çünki diş fırçaları sərtlik dərəcələrinə görə fərqlənir. Ən çox orta sərtlikli fırçalar təqdim olunur. Lif dəstəyi 3-4 sıra olan, diş fırçasının başcıqları uşaqlar üçün 18-25 millimetr, böyüklər üçün 30 millimetr olan diş fırçaları tövsiyə edilir”.
Stomatoloq onu da dedi ki, dişin ən həssas nahiyəsi ətlə təmas hissəsi olduğuna görə diş fırçasının lifləri diş ətini zədələməsin deyə diş fırçasını diş ətinə toxundurmaq olmaz: “Fırçanı diş üzərində 45 dərəcə bucaq altında saxlayıb, yumşaq hərəkətlə vibrasıya etmək lazımdır ki, (yuxarı diş nahiyəsi təmizlənirsə, yuxarıdan aşağıya doğru, aşağı diş nahiyəsi təmizlənirsə, əksinə) qalıqlar dişin üzərindən xaric edilsin.
Dişin ön tərəfi olduğu kimi, arxa hissəsi də eyni qayda ilə təmizlənməlidir. Ümumiyyətlə, hər dişin 4 tərəfi var, ön, arxa tərəf, yan tərəflər və alt (və ya üst) hissə. Çalışmaq lazımdır ki, fırçanın tükcükləri dişlər arasına daxil olub, yan tərəflərlə də təmasda olsun ki, təmizlənə bilsin. Sürtünmə hərəkəti yalnız üst dişlərin alt hissəsində, alt dişlərin isə üst hissəsində edilə bilər.
Sevil Hilalqızı