BAKI, 16 dekabr. TELEQRAF
Azərbaycanın ümummilli liderinin şah əsəri olan Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada söz sahibinə çevrilib.
Teleqraf xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında təşkil edilən mərasim zamanı deyib:
“Ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident güclü, qələbə əzmində olan ordu yaratdı. Ordumuz cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqları azad etdi. Antiterror əməliyyatları nəticəsində dövlət suverenliyi tam bərpa olundu. Ərazilərimiz sürətlə yenidən qurulur, bu torpaqlara həyat yenidən qayıdır. 1971-ci ilin oktyabrında neft emalı zavodunda baş verən yanğın, 1979-cu ildə yük qatarlarının toqquşması, 1986-cı ildə Çernobılda güclü partlayış, 1994-cü ildə Bakı Metropolitenində baş vermiş partlayış, 2000-ci ildə Bayılda torpaq sürüşməsi və digər hadisələr zamanı Ulu öndər hadisə yerinə gələrək aidiyyəti qurumların bütün qüvvələrini səfərbər edirdi”.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradılıb:
“Ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində nazirlik müasir texnika ilə təmin olunub. Nazirlik yaradılarkən texnikanın əksəriyyəti köhnə idi, qısa müddət ərzində texniki baza müasir avadanlıqlarla yeniləndi”.
Kəmaləddin Heydərov qeyd edib ki, ötən il ərzində 1134 yeni texnika alınıb. Qısa müddət ərzində 9 regional mərkəz istifadəyə verilib: "Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədilə 2008-ci ildə yaradılan nazirliyin Akademiyası hər il məzunlar yetişdirir. Son illər ərzində yaşayış, sənaye və iri ticarət mərkəzlərində baş verən fövqəladə hadisələrə operativ müdaxilə olunub".
Bildirilib ki, son 20 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, iri miqyaslı bərpa və quruculuq işləri aparılıb:
"2007-ci ildə 4517 təbii və texnogen hadisə qeydə alındığı halda, 2024-cü ildə bu göstərici 14856 olub. 2024-cü ildə fövqəladə hallar zamanı 29 mindən artıq insan xilas edilib. O cümlədən, su hövzələrində batma təhlükəsi ilə bağlı 5700 nəfər xilas edilib. 2007-ci ildə təbi və texnogen hadisələr zamanı 132 nəfər, 2024-cü ildə isə bu hadisələr zamanı 83 nəfər həyatını itirib".