BAKI, 16 dekabr. TELEQRAF

"Cari ildə indiyədək məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 512 müraciət daxil olub".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün özünün iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ölkə üzrə məişət zorakılığının konkret statistikası yoxdur, bu gün dəqiq statistika demək olmur.

S. Qəhrəmanova ötən il məişət zorakılığı ilə bağlı müraciət sayının 535 olduğunu deyib.

"Biz bu sayı azaltmağa çalışırıq. Bu gün məişət zorakılığı olduqda ya Komitəyə müraciət edilir, ya da hüquq-mühafizə orqanlarına edilir. Biz çalışırıq ki, belə hallarda yerli bələdiyyələrə də müraciət edilsin. Məişət zorakılığının qarşısının alınması üçün zorakılığın növləri üzərində işləmək lazımdır", - o əlavə edib.