BAKI, 17 dekabr. TELEQRAF
"OpenAI" süni intellekt texnologiyaları əsasında şəkil yaratmaq üçün nəzərdə tutulmuş "ChatGPT Images" adlı yeni modeli təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsində yayımladığı məlumatda bildirilir.
Qeyd olunub ki, "ChatGPT Images" "OpenAI"nin yeni flaqman görüntü generasiya modeli əsasında hazırlanıb.
Məlumata görə, yeni model istifadəçi sorğularına daha dəqiq uyğunluq, təkmilləşdirilmiş redaktə funksiyası və detalları qoruma qabiliyyəti ilə fərqlənir. Bundan əlavə, "ChatGPT Images" əvvəlki versiya ilə müqayisədə dörd dəfə daha sürətli işləyir.
Şirkət bildirib ki, yeni şəkil generasiya modeli "ChatGPT" çat-botunun bütün istifadəçiləri üçün əlçatan olacaq.