BAKI, 16 dekabr. TELEQRAF
"Əmək hüquqlarının qorunması yalnız dövlətin mühüm vəzifəsi olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin daim diqqət mərkəzində saxladığı, həssaslıqla yanaşdığı məsələlər sırasındadır. Məhz bu səbəbdən vətəndaş cəmiyyətinin müxtəlif institutları və təşkilatları öz fəaliyyətlərində insan əməyinin və əmək hüquqlarının müdafiəsinə xüsusi önəm verirlər".
Teleqraf xəbər verir ki, bu fikirləri Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, vətəndaş cəmiyyəti institutları arasında kütləviliyi və fəallığı ilə seçilən həmkarlar ittifaqları əmək hüquqlarının qorunması və sosial təminatın gücləndirilməsində mühüm rol oynayır:
“Qürurla qeyd etmək istərdim ki, Azərbaycan həmkarlar ittifaqları 120 ildən artıq şərəfli inkişaf yolu keçib, bu gün isə fəaliyyəti ilə əməkçilərin hüquqlarının müdafiəsinə və sosial rifahının yüksəldilməsinə verdiyi böyük töhfəni nümayiş etdirir”.