BAKI, 8 sentyabr. TELEQRAF

Türkmənistanın nüfuzlu "Orient.tm" informasiya portalında Azərbaycanın turizm imkanları, əsas turizm istiqamətləri, tarixi-mədəni irsi və təbiəti haqqında məlumat təqdim edən geniş məqalə dərc olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Türkmən, ingilis və rus dillərində dərc olunan “Discovering Azerbaijan: From Baku’s Seaside Charm to the Silk Road Soul of Shaki” ("Azərbaycanı kəşf edərkən: Bakının dənizsahili cazibəsindən Şəkinin İpək Yolu ruhuna qədər") başlıqlı məqalədə Bakıdan başlayaraq Qəbələ və Şəkiyə, eləcə də ölkənin şimal-qərb bölgələrinə uzanan turizm marşrutu təqdim edilir.

Materialda Bakının Xəzər dənizi sahilində yerləşən müasir siması ilə tarixi irsinin vəhdəti diqqətə çatdırılır. Şəhərin rəmzləri sırasında Alov qüllələri, Heydər Əliyev Mərkəzi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və Bakı bulvarı haqqında ətraflı məlumat verilir.

Məqalədə Azərbaycanın mühüm turizm istiqamətlərindən biri olan Qəbələnin ilboyu istirahət imkanları, dağ və təbiət turizmi, qış idman növləri, spa və sağlamlıq xidmətləri, termal mənbələri, eləcə də turistlər üçün yaradılmış müasir infrastruktur imkanları barədə bəhs olunur. Eyni zamanda, Azərbaycanın qədim İpək Yolu irsinin qorunduğu kənd və yaşayış məntəqələrinə xüsusi diqqət ayrılaraq həmin ərazilərdə ənənəvi sənətkarlıq, yerli mətbəx və qonaqpərvərlik nümunələrinin yaşadıldığı vurğulanır.

Materialın digər hissəsi Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə həsr edilib. Şəkinin tarixi İpək Yolu üzərində mühüm məntəqə olduğu, şəhərin tarixi-memarlıq irsi, Şəki Xan Sarayı, şəbəkə sənəti, karvansaralar, sənətkarlıq emalatxanaları və məşhur Şəki halvası barədə ətraflı məlumat təqdim olunur. Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi də diqqətə çatdırılır.

Bununla yanaşı, Bakı ilə Azərbaycanın şimal-qərb bölgələri arasında səyahət imkanları, dəmir yolu əlaqələri, dağlıq ərazilərin mənzərələri, şərabçılıq ənənələri və təbiət turizmi potensialı oxucuların diqqətinə çatdırılır. Yazıda Azərbaycanın müasir şəhər mühiti, zəngin tarixi-mədəni irsi, dağlıq təbiəti və ənənəvi turizm məkanlarını bir marşrut üzərində birləşdirən çoxşaxəli turizm imkanları təqdim edilib.