BAKI, 8 sentyabr. TELEQRAF

Qazaxıstan 2030-cu ilədək doqquz peykdən ibarət Yer kürəsinin məsafədən zondlanması üzrə beynəlxalq qrupun yaradılmasını planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.

“2030-cu ilədək doqquz peykdən ibarət Yer kürəsinin məsafədən zondlanması üzrə beynəlxalq qrupunun yaradılması planlaşdırılır. Bu qrupa Qazaxıstana məxsus altı peyklə yanaşı, Monqolustan, Konqo Respublikası və Nigeriyanın kosmik aparatları da daxil olacaq”, - nazir bildirib.

Qazaxıstan “KazSat-3” peykinin yeni “KazSat-3R” kosmik aparatı ilə əvəzlənməsi istiqamətində iş aparır. Hesab edilir ki, bu, milli peyk rabitəsi sisteminin dayanıqlığını və müasir texnoloji tələblərə uyğunluğunu təmin etməyə imkan verəcək.