BAKI, 21 avqust. TELEQRAF

Ötən yazılarımızdan aydın olduğu kimi Türkiyə Böyük Millət Məclisində Qars şəhərini təmsil edən əksər millət vəkilləri Azərbaycan əsilli olublar. Əhməd bəy Ağaoğlu, Tezer Taşkıran, Əlirza İsmixanov, Çingiz Ekinci və digərləri parlamentə bu bölgədən seçiliblər. Həmin şəxslərdən biri də Əhməd bəy kimi Türkiyə Konstitusiyasının hazırlanmasında önəmli rolu olmuş Abbas Gökçədir.

Abbas Gökçənin ailəsi Qərbi Azərbaycanın Göyçə mahalından Türkiyəyə köç edib. Mərhum tədqiqatçı-jurnalist Salman Vilayətoğlu Göyçə ilə bağlı qələmə aldığı kitabında bu barədə yazırdı: “XX əsrin altmışıncı illərində Türkiyənin ünlü ziyalılarından biri - Qarsdan millət vəkili seçilmiş Abbas Gökçə öz ad və soyadının mənşəyi barədə danışmaqla, həm də Abbasgölü kəndinin erməni təqiblərindən yaxa qurtarmağa fürsət tapmış əhalisinin sonrakı taleyinə aydınlıq gətirmiş oldu. Belə ki, millət vəkili öz adının XX əsrin əvvəllərində erməni varvarları tərəfindən didərgin salınmış babalarının doğma kəndi Abbasgölünün şərəfinə Abbas, soyadının isə o kəndin yerləşdiyi Göyçə mahalının şərəfinə Göyçə adlandırıldığını bildirirdi. Və o özəl açıqlamadan məlum olur ki, Abbasgölü sakinlərinin 1918-ci il qırğınlarından sağ çıxmış çox cüzi hissəsi kompakt şəkildə Arpaçayın sahilindəki Meydancıq köyünə köç etmiş, oradan isə Türkiyənin Qars vilayətinin müxtəlif vilayətlərinə səpələnmişlər”.

Abbas bəy də 1927-ci ildə Qarsın Arpaçay qəsəbəsinin həmin Meydancıq kəndində doğulub. Uşaqlıq və ilk gənclik illəri Qarsda keçib. İbtidai, orta və lisey təhsilini də orada alıb. Daha sonra Ankara Universitetinin Hüquq Fakültəsinə daxil olub, 1954-cü ildə ali təhsilini başa vurub.

Hüquq təhsilindən sonra bir müddət vəkillik edib. Daha sonra məhkəmə sisteminə keçərək hakimlik fəaliyyətinə başlayıb. 1959–1965-ci illərdə Erciş və Ünye hakimliklərində çalışıb. Sonra Danıştaya keçib. Burada əvvəlcə hakim kimi fəaliyyət göstərib, zamanla daha yüksək vəzifələrə yüksəlib, 1976-cı ildə Danıştay üzvü seçilib. Həmçinin Ali Seçki Orqanının da üzvü olub.

1980-ci il 12 Sentyabr hərbi çevrilişi Türkiyənin siyasi həyatını kökündən dəyişdirib. Parlament buraxılıb, siyasi partiyaların fəaliyyəti dayandırılıb və yeni siyasi-hüquqi sistemin qurulması üçün Qurucu Məclis yaradılıb. Abbas Gökçenin həyatında da məhz bu dövrdə yeni mərhələ başlayıb. 1981-ci ildə o, Qurucu Məclisin Danışma Məclisinə Qars üzvü kimi daxil olub. Yəni onun bu üzvlüyü klassik anlamdakı üzvlükdən fərqli olub. 1981-1983-cü illərdə o, Qarsın siyasi və ictimai məsələlərinin Ankara səviyyəsində səsləndirilməsində mühüm rol oynayıb.

Görünür, onun hüquqşünas kimi təcrübəsi hərbi çevrilişdən sonrakı quruculuq dönəmində faydalı olub. Necə ki o, bu gün də qüvvədə olan Türkiyənin 1982-ci il Konstitusiyasının da memarlarındandır. O, Danışma Məclisində Konstitusiya Komissiyasında katib vəzifəsini yerinə yetirib. Onun hüquqşünas kimi təcrübəsi Konstitusiya müzakirələrində özünü xüsusilə göstərib, müxətlif təkliflərini irəli sürüb. Bu zaman Qarsın mövcud iqtisadi-siyasi vəziyyətini də unutmayıb. Məsələn, müzakirələrdə yalnız əhalinin sayına əsaslanan seçki sisteminin kiçik vilayətlərin parlamentdəki təsirini azalda biləcəyini bildirib. Böyük şəhərlərin sürətlə böyüdüyü bir Türkiyədə İstanbul, Ankara və İzmir kimi şəhərlərin deputat sayının artması təbii idi. Lakin bu proses Qars kimi kiçik vilayətlərin siyasi çəkisinin azalmasına gətirib çıxara bilərdi. Ona görə də Gökçə bir tərəfdən Qarsdakı zəif iqtisadi inkişafı göstərib, digər tərəfdən təmsilçilik məsələsinə diqqət göstərib.

1983-cü ildə seçki qanunu müzakirə olunarkən o, seçici ilə namizəd arasında mümkün qədər birbaşa əlaqənin yaradılmasını müdafiə edib. Onun fikrincə, seçici səsini verdiyi şəxsi tanımalıdır. Namizəd seçici üçün nə qədər konkret və tanınan şəxs olarsa, verilən səs də seçicinin iradəsini bir o qədər yaxşı əks etdirər. Bu baxımdan daha kiçik seçki dairələrinin yaradılmasını müdafiə edib.

Abbas Gökçənin seçki hüququ ilə bağlı ən maraqlı fikirlərindən biri xaricdə yaşayan Türkiyə vətəndaşları ilə bağlı olub. 1980-ci illərin əvvəllərində milyonlarla Türkiyə vətəndaşı Avropanın müxtəlif ölkələrində yaşayırdı. Gökçə onların Türkiyənin siyasi həyatından kənarda qalmasını doğru hesab etmirdi. O, xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirak etməsi üçün konkret mexanizm də təklif edib. Onun fikrincə, vətəndaşlar Türkiyənin xaricdəki konsulluqlarında qeydiyyatdan keçə və seçki bülletenlərini poçt vasitəsilə Türkiyəyə göndərə bilərdilər.

“Aras” dərgisi

Abbas Gökçənin qiymətli xidmətlərindən biri də “Aras” jurnalındakı iştirakıdır.

Aylıq ədəbi, siyasi, türkçü dərgi olan “Aras”ın ilk sayı 1952-ci ilin yanvar ayında işıq üzü görüb. Jurnalın sahibi irəvanlı Turan Atasever, yazı işləri müdiri Abbas Gökçə olub. Jurnalın ilk sayının qapağında bozqurd və ay-ulduz təsviri verilib, çap məqsədi belə izah edilib: ““Aras” bir ideal uğrunda yorulmadan mücadilə etmək qayəsi ilə çıxır; “Aras” hər cür ticari və maddi mənfəətlərdən uzaq, sadəcə inandığı böyük mübarizənin gerçəkləşməsinə xidmət edəcəkdir; Bu mübarizə zəmininə görə rəng dəyişdirən buqələmunların deyil, Ağrı dağı qədər məğrur, Araz çayı qədər təvazökar qartalların mübarizəsidir...”.

Jurnalda türklük davası daxilində Azərbaycanın istiqlaliyyət mübarizəsinə xüsusi yer verilib. Bu baxımdan jurnalın ilk sayında Məhəmmədəmin Rəsulzadənin 26 avqust 1951-ci ildə “Amerikanın səsi” radiosu vasitəsilə xalqa xitabı dərc edilib. Jurnalın sonuncu - 6-cı sayı 1952-ci ilin iyununda çap olunub.

Bu jurnalda Abbas Gökçənin “Qürbəttə xəstə” adlı şeiri, “Qarsa gedəlim Qarsa”, “Doğu universiteti” adlı məqalələri dərc olunub.

Ədəbiyyata sevgi

Hüquqşünas olmaqla yanaşı Abbas Gökçə ədəbiyyata böyük maraq göstərib, şeirlər, lətifələr yazıb. Fransız ədəbiyyatına xüsusi marağı olan Gökçə Jak Preverin yaradıcılığına rəğbət bəsləyib. Eləcə də “Milliyet” qəzetində uzun müddət “Düşünənlərin düşüncələri” rubrikası altında müəllif yazıları qələmə alıb. Ahıl çağında xatirələrini qələmə alan Gökçə 2006-cı ildə “Yargıdaki Anıların Tortusu” adlı kitabını nəşr etdirib. Bu kitab onun hakimlik illərindən, Danıştay təcrübəsindən, hüquq dünyasından və dövlət həyatında gördüyü hadisələrdən bəhs edir.

Abbas Gökçə Azərbaycana, Bakıya bir neçə şeir həsr edib. Ankarada çıxan “Azərbaycan” jurnalında olun “Azərbaycan”, “Namus bəlası”, “Bakı”, “Bir başqadır Azərbaycan”, “Elçibəy” adlı şeirləri işıq üzü görüb. Azərbaycanla bağlı ən qiymətli şeirlərindən biri isə vətənini ziyarət etdikdən sonra yazdığı əsəridir:

AZƏRBAYCANA GƏLDİM

Həsrətindən ölmüşdüm, dirildim, cana gəldim,

Allaha min şükür, mən Azərbaycana gəldim.

Dədə-baba yurdumsan, köyüm, kəndim, ocağım,

Sevgin ilə doludur gözüm, könlüm, qucağım.

Unutmadım heç zaman, heç unutmayacağım,

Həsrətindən ölmüşdüm, dirildim, cana gəldim,

Allaha min şükür, mən Azərbaycana gəldim.

Mən səndən bir parçayam, sən mənim özbəözüm,

Canım, ruhum, bədənim, nurum, işığım, gözüm.

Ürəyimdə sönmədi hicran atəşim, közüm.

Həsrətindən ölmüşdüm, dirildim, cana gəldim,

Allaha min şükür, mən Azərbaycana gəldim.

Aramıza girincə qanlı, qızıl əngəllər,

İçimizdə qalmışdı o arzular, təməllər.

Bundan sonra atarız yeni-yeni təməllər,

Həsrətindən ölmüşdüm, dirildim, cana gəldim,

Allaha min şükür, mən Azərbaycana gəldim.

Birləşdirib hər yanda bütün gücü-əməyi,

Bu ölkəni ucaltmaq biz türklərin diləyi,

Bundan sonra da bəklə bizdən qardaş köməyi.

Həsrətindən ölmüşdüm, dirildim, cana gəldim,

Allaha min şükür, mən Azərbaycana gəldim.

Abbas Gökçə 20 dekabr 2014-cü ildə İstanbulda vəfat edib. İki gün sonra Şakirin məscidində cənazə namazı qılınıb və Qaraca Əhməd məzarlığında dəfn olunub.