BAKI, 21 avqust. TELEQRAF

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Geka Geladze Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryanı qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Rəsmi səfər çərçivəsində iki qurumun rəhbərləri işgüzar görüş keçiriblər. Görüş zamanı Gürcüstan və Ermənistan arasında möhkəm dostluq münasibətləri və onların dərinləşməsi perspektivləri müzakirə edilib.

Beynəlxalq təhlükəsizliyin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında iki ölkənin kəşfiyyat və təhlükəsizlik strukturları arasında dialoqun və sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Kristine Qriqoryan gürcüstanlı həmkarına prioritet sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib.

Ermənistanın xüsusi xidmət orqanının rəhbəri səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Gürcüstanın kəşfiyyat idarəsini ziyarət edib, yüksək vəzifəli şəxslərlə işgüzar görüş keçirib.