BAKI, 21 avqust. TELEQRAF

Moldovanın keçmiş prezidenti olmuş Pyotr Luçinski (1997-2001) ölkə rəhbərliyinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin dalana dirənəcəyi təqdirdə Rumıniya ilə birləşməyin mümkünlüyü barədə açıqlamalarını tənqid edib.

Teleqraf xəbər verir ki, o, Kişinyovun Aİ-yə üzvlük prosesini davam etdirməli olduğunu deyib.

“Bu, ciddi yanaşma deyil. Harasa getməli, birləşməli olduğumuz barədə bütün bu söhbətlər bizi gözdən salır. Belə olmaz, öz yolumuzda ardıcıl olmalıyıq. Demək istəyirəm ki, biz Avropaya inteqrasiyanın tərəfdarıyıq”, - Luçinski vurğulayıb.

O qeyd edib ki, Moldova ilə Aİ arasında yaxşı münasibətlər formalaşıb. Sabiq prezidentin fikrincə, Moldovanın dövlətçilikdən imtina edərək Rumıniya ilə birləşməsi ehtimalının müzakirə olunması hakimiyyətin Aİ-yə inteqrasiya kursu ilə bağlı siyasətinə etimadı sarsıda və əhalini çaşdıra bilər: “Bu, insanların düşüncəsində və fəaliyyətində qeyri-sabitlik yaradır. Bu, yaxşı deyil”.

Pyotr Luçinski hesab edir ki, bu miqyasda dəyişikliklər bir qrup şəxsin qəbul etdiyi qərarların və ya müxtəlif mərhələlərdə ortaya çıxan siyasi ifadələrin nəticəsi ola bilməz: “Bunun müəyyən ilkin şərtləri var, onlar yetişməlidir. Belə məsələlər belə həll edilmir”.