BAKI, 21 avqust. TELEQRAF

Qardaşımla bir yerdə cəbhədə döyüşmüşük. Mən ondan öncə Qarabağda döyüşlərə getmişdim. Qardaşım həqiqi hərbi xidmətdə olan əsgər idi. O, qəhrəmancasına vuruşaraq şəhid olub.

Teleqraf xəbər verir ki, bunu Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəhid Akif Qurbanovun qardaşı Arif Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uzun müddət sonra qardaşının nəşinin tapılmasına sevinir:

"Kaş bütün itkin düşən qardaşlarımız tapılardı, anaların gözü yoldan çəkilərdi. Şükür Allaha, ölkəmiz suverenliyini tam bərpa edib, müstəqilliyimiz tamamlanıb. Tarix boyu bu yolda döyüşçülər, sərkərdələr itirmişik. Ulu öndərimizin uzaqgörən siyasəti, indi də Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində müstəqilliyimiz möhkələnib və biz uğurla irəliləyirik".

Arif Qurbanov şəhidin keçdiyi döyüş yolundan da bəhs edib:

"Qardaşım kəşfiyyatçı idi, XTPD-də xidmət edirdi. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun komandirliyi altında vuruşurdu. Tərtər istiqamətində döyüşüblər. Aprelin 24-də orada qəhrəmancasına şəhid olub. Biz döyüşdə qarşımıza məqsəd qoymuşduq ki, bir addım belə geri çəkilmək yoxdur. Nəyin bahasına olur-olsun vuruşurduq. Ona görə orada çox ağır döyüşlər getdi".

Arif Qurbanov qardaşı ilə son görüşündən də söz açıb :

"Sonuncu dəfə Pirəkəşkülə gələndə mən müharibədən qayıdıb onunla görüşdüm. Hətta 5 günlük evə buraxılması üçün komandirdən icazə də aldım, sonra ayrıldıq. Mən Ağdam bölgəsində idim, o isə Füzulidə. Ancaq Tərtər bölgəsində vəziyyət çox ağırlaşdığı üçün onları gecəylə ora apardılar. Ermənilər ruslara arxalanaraq vuruşurdular. Demək olar ki, biz rus ordusu ilə döyüşürdük. Bir addım da geri çəkilmək yox idi, onlar ön cəbhədə, tankların qarşısında idilər. Deyilənə görə, mühasirəyə düşüblər".