BAKI, 21 avqust. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin işlə təmin etdiyi şəxslərin illik sayı son iki ildə 71 min nəfər və ya 62 faiz artaraq 189 minə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Agentliyin fəaliyyətinin yekunlarına dair məlumatda bildirilib.

Qeyd olunub ki, qurum tərəfindən işlə təmin edilənlərin sayı 2023-cü ildəki 118 mindən 2024-cü ildə 160 minə, peşə hazırlığına cəlb edilənlərin sayı isə 9,5 mindən 15,6 minə yüksəlib. 2025-ci ildə aktiv məşğulluq tədbirlərinə cəlb olunanların ümumi sayı 567 minə çatıb ki, onların da 189 min nəfəri birbaşa işlə təmin edilib.

Məşğulluq xidmətlərində rəqəmsallaşma sahəsində də mühüm addımlar atılıb. “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik”, “İşsizlikdən sığorta ödənişi”, “Kvota” və “Peşə hazırlığı” modulları üzrə yeni funksionallıqlar istifadəyə verilib, Mərkəzi Karyera Portalı istifadəyə ixtiyarına buraxılıb. Həmçinin sahə üzrə süni intellektin tətbiqi layihələrinə başlanılıb.

Həmçinin işəgötürənlərlə birgə əməkhaqqının maliyyələşdirilməsi proqramı çərçivəsində 2026-cı ilin ilk yarısında 200-dək müəssisə ilə müqavilə imzalanaraq 1000-dən çox şəxs işlə təmin olunub. Bundan əlavə, “Sosial notlar”, “Biznesin sədası”, “İnklüziv məşğulluq” və “Azərbaycandan işçi qüvvəsinin ixracı” kimi yeni layihələrin icrasına start verilib. Özünüməşğulluq proqramı üzrə 5 yeni zərf əlavə edilib və ilk dəfə klaster əsaslı model tətbiq olunub.

Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərin işlə təminatı və kiçik aile bizneslərinin qurulması istiqamətində də ardıcıl tədbirlər davam etdirilir.

Görülən işlərin tərkib hissəsi kimi Dövlət Məşğulluq Agentliyi 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb, həmçinin Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.