BAKI, 20 avqust. TELEQRAF
Ötənlərdə Məhəmmədəmin Rəsulzadə ilə bağlı bir çıxışında Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal Türkiyə Böyük Millət Məclisində təmsil olunmuş soydaşlarımızın siyahısını açıqlamışdı. Həmin siyahıdan yalnız bir şəxs mənə tanış deyildi: Məhəmməd Rüstəm Bahadır.
Tədqiqat apardığım zaman gördüm ki, bu şəxsi tanımamağımın səbəbi dədələrinin xeyli müddət öncə Azərbaycanı tərk etməsi ilə bağlıdır. Ulu dədələri Bahadır bəy Osmanlı dövründə Qarabağdan Anadoluya köçüb, nəsil Ərzurum, Reyhanlı, Qars kimi bölgələrdə məskunlaşıb.
Məhəmməd Rüstəm Bahadır yenə Ağdam əsilli türk şairi Yavuz Bülənd Bakilərin dayısıdır.
Bələdiyyədə
Məhəmməd Rüstəm Bahadır 1891-ci ildə Ağrı vilayətinin Tutak qəsəbəsində anadan olub. Atasının adı Qəhrəman, anasının adı isə Fəridədir. Orta təhsil alıb.
Peşə fəaliyyətinə Adanada polis məmuru kimi başlayıb. Daha sonra Qarsa gəlib, burada müxtəlif inzibati və ictimai vəzifələrdə çalışıb. Qars Bələdiyyəsində işləyib, Türk Ocağı İdarə Heyətinin üzvü olub. Eləcə də tacir kimi fəaliyyət göstərib. Onun siyasi həyatındakı başlanğıc isə Qarsın bələdiyyə sədri olmasıdır. O, bu vəzifədə 1938–1946-cı illərdə çalışıb.
Bələdiyyə başçısı olduğu dövrdə şəhərin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyə borclarının azaldılması, su və elektrik məsələlərinin həlli kimi problemlərlə məşğul olub. Qarsın yerli idarəçilik sistemində qazandığı bu təcrübə sonrakı parlament fəaliyyətinə də təsir göstərib. Qərbi Azərbaycan əsilli Abbas Gökçənin xatirələrinə görə, Bahadır bələdiyyəyə məxsus bir malikanəni dövlətə bağışlayıb, həmin tikili uzun müddət Qarsda hökumət binası kimi istifadə edilib.
Parlamentdə
Məhəmməd Rüstəm Bahadır 1946-cı il seçkilərində TBMM-in VIII çağırışında Qarsdan millət vəkili seçilib. 1950-ci il seçkilərində yenidən seçilərək IX çağırışda da Qarsı təmsil edib. Beləliklə, o, 1946–1954-cü illər arasında Türkiyə parlamentində Qarsın nümayəndəsi kimi fəaliyyət göstərib. Onun siyasi fəaliyyəti Cümhuriyyət Xalq Partiyası (CXP) ilə bağlı olub.
Bahadır parlament fəaliyyətində müxtəlif komissiyalarda da fəaliyyət göstərib. VIII çağırışın ilk dövründə Diləkçə Komissiyasında, ardınca Əmək Komissiyasında fəaliyyət göstərib. 1947-ci ildə isə Konstitusiya Komissiyasının üzvləri arasında yer alıb. Onun TBMM-dəki fəaliyyətinin ən mühüm istiqaməti Qarsın nəqliyyat problemi və Ərzurum–Qars dəmir yolu məsələsi olub. Xüsusilə Xorasan–Sarıqamış dəmir yolu xəttinin tamamlanması onun parlament fəaliyyətində ardıcıl şəkildə gündəmə gətirdiyi məsələyə çevrilib. Bahadır Qarsın iqtisadi inkişafını nəqliyyat infrastrukturu ilə birbaşa əlaqələndirib. Onun çıxışlarına görə Qars iqtisadiyyatının əsasını heyvandarlıq təşkil edib. Bölgədə yetişdirilən heyvanların və heyvandarlıq məhsullarının digər bölgələrə çatdırılması üçün nəqliyyat imkanlarının genişləndirilməsi lazım gəlib.
Qarsın sərt iqlimi və uzunmüddətli qış şəraiti avtomobil yollarından istifadənin çətinləşməsinə səbəb olub. Bahadır 1952-ci ildə TBMM-də çıxış edərkən Qarsda qarın üç metrə qədər yüksəldiyini, qışın altı-yeddi ay davam etdiyini və belə şəraitdə avtomobil yollarının kifayət etmədiyini bildirib. O, Qarsın Türkiyəni təmin edən mühüm heyvandarlıq mərkəzi olduğunu və bölgədən xaricə də heyvan ixrac edildiyini vurğulayıb.
1952-ci ildə Bahadır və 70 deputat yoldaşının təqdim etdikləri təklifdə Xorasan–Sarıqamış dəmir yolunun tamamlanması üçün əlavə maliyyə vəsaitinin ayrılması tələb olunub. Bahadırın parlamentdə verdiyi məlumata görə, Ərzurumdan Xorasana qədər olan dəmir yolu artıq çəkilib, Xorasan–Sarıqamış arasında isə təxminən 74 kilometrlik hissə qalıb. Əvvəllər layihə üçün ayrılmış 40 milyon lirənin 25 milyon lirəsi xərclənib, 15 milyon lirəsi qalıb. Bahadır və onunla birlikdə çıxış edən deputatlar əlavə 5 milyon lirənin ayrılmasını tələb ediblər. Nəticədə bu məsələ Qars deputatlarının kollektiv parlament təşəbbüsünə çevrilib. Bahadırın həmin məsələnin müzakirəsi zamanı çıxışında 70 imzalı təklifin qəbul edildiyini bildirməsi onun parlament daxilində geniş dəstək topladığını göstərib. Bahadır və Qarsın digər deputatları dəmir yolunun yalnız iqtisadi deyil, strateji və milli müdafiə baxımından əhəmiyyətini də vurğulayıblar. Bahadır 1953-cü il Nafiə Vəkaləti və Şosse Yolları Baş Müdirliyinin büdcəsi müzakirə edilərkən də Qarsın nəqliyyat problemləri ilə bağlı çıxış edib.
TBMM sənədlərində Bahadırın səhhəti ilə bağlı məlumat da yer alıb. 1949-cu ildə xəstəliyi səbəbindən parlament iclaslarından müəyyən müddət məzuniyyət aldığı və bu müddət üçün deputat ödənişinin verilməsi məsələsinin TBMM-də müzakirə edildiyi görünür.
Xəstəliyi səbəbindən M.R. Bahadır 3 dekabr 1954-cü ildə vəfat edib. Dörd övladı olub.