BAKI, 23 iyun. TELEQRAF
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
Teleqraf xəbər verir ki, 23 iyun dövlət qulluqçularının peşə bayramı Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyun ayının 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub.
Onların da 31,4 faizini qadınlar təşkil edir.
Dövlət qulluqçularının 7,6 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 %-i 4-cü təsnifatı, 12,4 %-i 5-ci təsnifatı, 8,7 %-i 6-cı təsnifatı, 44,2 %-i 7-ci təsnifatı, 23,2 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 6,6 %-i 1 ilə qədər, 23,6 %-i 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 3 %-ni 25 yaşa qədər, 11,6 %-ni 25-29 yaşda, 18 %-ni 30-34 yaşda, 16,7 %-ni 35-39 yaşda, 13,3 %-ni 40-44 yaşda, 10,5 %-ni 45-49 yaşda, 8,1 %-ni 50-54 yaşda, 7,5 %-ni 55-59 yaşda, 9,2 %-ni 60-64 yaşda, 2,1 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Teleqraf-a açıqlamasına bildirib ki, dövlət qulluqçuları dövlət və vətəndaş arasında dövləti təmsil etməklə vətəndaşlara xidmət edir:
“Vətəndaşlar ictimai müqavilə əsasında dövlət yaradırlar. Dövlətin əsas funksiyası xalqa xidmət etmək, onun təhlükəsizliyi və rifahının təmin olunmasıdır.
Dövlət qulluqçuları dövlət xidmətlərini nə qədər operativ, səmərəli şəkildə vətəndaşlara çatdıra bilərlərsə, dövlətin nüfuzu bir o qədər artmış olar. Ona görə də dövlətin müxtəlif struktur vahidlərinin yeni institusional formada təşkili və mexanizmlərlə vətəndaşa daha keyfiyyətli xidmət etməsi məsələləri olduqca vacibdir.
Azərbaycanda daim bu istiqamətdə addımlar atılır. Dövlət idarəetməsi hazırda bütün dünyada yeni bir təkamül mərhələsinə qədəm qoyub. Biz bu gün dövlət idarəetməsindən danışarkən elektron hökumətdən, kiberidarəetmə formalarından danışırıq. Xidmətlərin rəqəmsal proqramlar vasitəsilə vətəndaşa çatdırılmasından söz açırıq.
Bütün bunlar dövlət qulluğunun keyfiyyətcə yeni mərhələyə daxil olması deməkdir”.
Deputat qeyd edir ki, Azərbaycanda da dövlətçiliyin inkişafının yeni tarixi mərhələsində həm institusional, həm rəqəmsal, həm də kadr kontinuiteti baxımından islahatlar aparılır:
“Günün tələbinə uyğun olaraq dövlət-vətəndaş münasibətləri yenidən tənzimlənir. Dövlət özü-özlüyündə mahiyyəti etibarilə vətəndaşa xidmət üçün yaradılan bir təsisatdır. Azərbaycan Prezidenti deyir ki, “Dövlət xalqa xidmət etmək üçündür və mən öz xalqıma xidmət edirəm”.
Düşünürəm ki, bu tezis hər bir dövlət qulluqçusunun gündəlik fəaliyyət mexanizminə çevrilməli, dövlət-vətəndaş birliyinin təməl prinsipləri kimi çıxış etməlidir. Hazırda Azərbaycan dövləti inkişaf edir, güclənir. Azərbaycan vətəndaşları layiq olduqları rifaha və inkişafa doğru addımlar atır”.
Milli Məclisin deputatı Mehriban Vəliyeva iyunun 23-ü tarixinin dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunmasını dövlət idarəçiliyi sisteminin inkişafına verilən yüksək qiymətin və dövlət qulluqçularının cəmiyyət qarşısında daşıdığı məsuliyyətin ifadəsi olduğunu hesab edir:
“Bu əlamətdar gün dövlət qulluğunun ölkənin davamlı inkişafında, qanunun aliliyinin təmin olunmasında və vətəndaş məmnunluğunun yüksəldilməsində oynadığı mühüm rolu bir daha diqqət mərkəzinə gətirir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət idarəçiliyində peşəkarlığın, məsuliyyətin, vətəndaşa xidmət prinsiplərinin və milli maraqlara sadiqliyin əsas meyar kimi qəbul olunmasının təməlini qoymuşdur. Məhz onun müəyyən etdiyi dövlətçilik konsepsiyası Azərbaycanda güclü və səmərəli idarəetmə modelinin formalaşmasına şərait yaradıb.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni dövrün çağırışlarına uyğun şəkildə daha da təkmilləşdirilir. Son illərdə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar idarəetmənin modernləşdirilməsi, şəffaflığın artırılması, rəqəmsal texnologiyaların tətbiqi və insan resurslarının peşəkarlığının yüksəldilməsi baxımından mühüm nəticələr verib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar dövlət orqanlarının fəaliyyətinin daha çevik, operativ və vətəndaşyönümlü qurulmasına imkan yaradıb. Xüsusilə elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və bürokratik maneələrin minimuma endirilməsi müasir dövlət qulluğunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir”.
M. Vəliyeva vurğulayıb ki, bu gün Azərbaycan dövlət qulluğu sistemi regionun ən müasir və innovativ idarəetmə modellərindən biri kimi qiymətləndirilir:
“Dövlət qulluğunun inkişafında ASAN xidmət modelinin xüsusi yeri var. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmət modeli dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə mədəniyyəti formalaşdırıb, şəffaflığın və operativliyin təmin edilməsində beynəlxalq səviyyədə nümunə kimi qəbul olunub. Bu model dövlət qulluğunun əsas fəlsəfəsinin vətəndaşa keyfiyyətli xidmət göstərməkdən ibarət olduğunu bir daha nümayiş etdirib. Eyni zamanda, son illərdə dövlət idarəçiliyində qadınların təmsilçiliyinin genişlənməsi də diqqətçəkən məqamlardandır. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ali idarəetmə sistemində mühüm vəzifəyə təyin olunması Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunun daha da artmasına güclü stimul verib. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti, yüksək idarəçilik bacarığı və beynəlxalq nüfuzu qadınların dövlət qulluğuna marağının yüksəlməsinə, onların rəhbər vəzifələrdə təmsilçiliyinin genişlənməsinə müsbət təsir göstərib. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyinin müxtəlif sahələrində, o cümlədən qanunvericilik, icra hakimiyyəti, diplomatik xidmət və yerli idarəetmə strukturlarında uğurla fəaliyyət göstərirlər. Bu tendensiya ölkədə gender bərabərliyinin təmin olunması və insan kapitalının səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət qulluğunun inkişafı yalnız inzibati idarəetmənin təkmilləşdirilməsi deyil, həm də dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğu sistemi daha şəffaf, hesabatlı, peşəkar və nəticəyönümlü xarakter alıb. Dövlət qulluqçularının fəaliyyətində etik davranış qaydalarına riayət olunması, vətəndaş müraciətlərinə həssas yanaşma və ictimai maraqların qorunması əsas prioritetlərdən biri kimi müəyyən edilib”.
O sonda Azərbaycanda dövlət qulluğu sisteminin son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasından danışıb:
“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə uyğun şəkildə inkişaf etdirilir, dövlət idarəçiliyinin səmərəliliyi artırılır və vətəndaş məmnunluğu əsas meyar kimi önə çıxarılır. Bu gün dövlət qulluğu Azərbaycan dövlətinin dayanıqlı inkişafının, ictimai sabitliyinin və milli maraqlarının qorunmasının mühüm təminatlarından biri kimi çıxış edir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü də məhz bu sahədə çalışan insanların əməyinə verilən yüksək dəyərin ifadəsidir”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, dövlət qulluğunun əsas prinsipləri qanunun aliliyi, peşəkarlıq, şəffaflıq, obyektivlik, qərəzsizlik və vətəndaşlara xidmət etməkdən ibarətdir:
“Dövlət qulluqçusu öz fəaliyyətində dövlət maraqlarını qorumaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, etik davranış qaydalarına riayət etməlidir. Bu prinsiplər dövlət idarəçiliyinə ictimai etimadın formalaşmasında mühüm rol oynayır".
Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər görülüb, yeni idarəetmə orqanları yaradılıb:
“Bu orqanların dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunu artırmaq, fəaliyyətini daha da səmərəli etmək üçün onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir. Bu qanunla ölkəmizdə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra sənəd mütəmadi olaraq təkmilləşdirilir. Parlamentin son iclasında da bu qanuna bir sıra yeniliklər edildi”.
Deputat edib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətləri əvəzsizdir:
“Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin təməlində ulu öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Artıq ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb”.
Millət vəkili diqqətə çatdırıb ki, ölkəmizdə hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır:
“Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi göstərişlər verilib.
“Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Eyni zamanda, dövlət qulluqçuları daim cənab Prezidentin diqqət və qayğısı ilə əhatə olunur. Vaxtaşırı olaraq, onların əmək haqlarının artırılması, orden və medallarla təltif olunmaları və s. addımlar bunun göstəricisidir”.