BAKI, 6 mart. TELEQRAF
Yenidoğulmuşlarda pnevmoniya yaranma vaxtına görə iki əsas formada, yəni erkən və gec başlayan formada müşahidə olunur. Erkən başlayan pnevmoniya adətən həyatın ilk 72 saatında, yəni doğuşdan dərhal sonra üzə çıxır.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatoloqu Sevinc Yusubova deyib.
O bildirib ki,
“Bu forma çox vaxt anadan körpəyə keçən infeksiya nəticəsində inkişaf edir. Mikroblar doğuşdan əvvəl və ya doğuş müddətində yaranan komplikasiyalar zamanı körpənin orqanizminə daxil ola bilər.
Erkən başlayan pnevmoniya çox vaxt sepsis fonunda inkişaf edir və körpənin vəziyyəti sürətlə ağırlaşa bilər. Bu mərhələdə körpədə tənəffüs pozğunluqları, oksigen çatışmazlığı və ümumi zəiflik müşahidə olunur. Həkimlərin tez müdaxiləsi və ilkin antibiotik müalicəsi çox vacibdir, çünki gecikmə həyati riskləri artırır.
Gec başlayan pnevmoniya isə həyatın üçüncü günündən sonra meydana çıxır və əsasən xəstəxana şəraitində uzunmüddətli müalicə alan körpələrdə görülür. Bu formaya invaziv prosedurlar, süni tənəffüs aparatına qoşulma, kateter və ya digər xəstəxana cihazlarının istifadəsi səbəb ola bilər. Gec başlayan pnevmoniya adətən daha uzun və mürəkkəb müalicə tələb edir”, - o əlavə edib.
O həmçinin bildirib ki, yenidoğulmuşlarda pnevmoniyanın yaranmasının əsas səbəbləri bakterial və viral infeksiyalardır.
“Bəzi bakteriyalar, məsələn, “Group B Streptococcus”, “Escherichia coli” və “Staphylococcus aureus” körpələr üçün xüsusi təhlükə daşıyır. Viruslar isə ağciyər toxumasına zədələyici təsir göstərərək tənəffüs yollarının iltihabına səbəb olur və xəstəliyin inkişafını sürətləndirir.
Uzunmüddətli antibiotik müalicəsi alan körpələrdə isə göbələk infeksiyalarının yaranma riski artır. Bu, xüsusilə xəstəxana şəraitində uzun müddət qalan və ciddi xəstəliklər keçirən körpələr üçün aktualdır. Aspirasiya, yəni ağciyərlərə maye və ya bədən möhtəviyyatının düşməsi, pnevmoniyanın digər mühüm səbəbidir. Məsələn, doğuş zamanı döl suyunun və ya mekoniumun aspirasiya olunması ağciyərlərdə kimyəvi və mexaniki zədələnmə yaradır və infeksiyanın inkişafına şərait yaradır. Bundan əlavə, mədə möhtəviyyatının tənəffüs yollarına keçməsi də infeksiya riskini artırır. Bu hallar ağciyər toxumasında iltihabi prosesin sürətlə yayılmasına səbəb olur. Prematür körpələrdə bu risk daha yüksəkdir, çünki onların ağciyərləri tam inkişaf etməyib və müdafiə mexanizmləri zəifdir. Klinik əlamətlər çox vaxt qeyri-spesifik olur və digər neonatal xəstəliklərlə qarışdırıla bilər”, - o əlavə edib.
S. Yusubova ən erkən və diqqət çəkən əlamətlərdən birinin sürətli və səthi nəfəs alma olduğunu deyib:
“Nəfəs alarkən burun qanadlarının hərəkəti və döş qəfəsinin içəri çəkilməsi tənəffüsün çətinləşdiyini göstərir. Nəfəs verərkən eşidilən inləmə səsləri və dəridə göyərmə oksigen çatışmazlığının əlamətləridir. Bəzi körpələrdə apnoe epizodları, yəni nəfəsin müvəqqəti dayanması müşahidə olunur ki, bu da həyati risk yaradır. Digər əlamətlərə qidalanma pozğunluğu, zəif hərəkət və ümumi letargiya daxildir. Bütün bu əlamətlər hər bir neonatoloq və valideyn üçün ciddi siqnaldır. Hər hansı respirator dəyişiklik və ya qeyri-adi davranış dərhal qiymətləndirilməli və təcili tibbi müdaxilə təmin edilməlidir. Bu, xəstəliyin ağırlaşmasının qarşısını almaqda həyati əhəmiyyət kəsb edir”.