BAKI, 13 fevral. TELEQRAF

Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravinin məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Qubadlı Rayon Məhkəməsinin qərarına əsasən, avuqstda 24 yaşı tamam olacaq Badravi 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə təqsirini etiraf edən Badravi Ermənistandan Azərbaycana nəyə görə keçmək istədiyini də ifadəsində bildirib:

“Milliyyətcə türkmənəm. 2013-cü ildə ailəmlə birlikdə daimi yaşamaq məqsədilə Türkiyəyə köçüb orada fəhləlik etdim. Lakin maddi vəziyyət yaxşı olmadığına görə, yenidən İraqa qayıdıb tikintidə çalışdım. Sonra daha yaxşı gəlir əldə etmək üçün başqa ölkəyə getmək qərarına gəldim. Ən ucuz viza və nəqliyyat bileti ilə Ermənistana getməyin mümkün olduğunu öyrəndim. Nəticədə 2022-ci ildə 10 ABŞ dolları məbləğində viza və 50 ABŞ dolları məbləğində avtobus bileti alaraq İraqdan İrana, oradan isə Ermənistana getdim. Ermənistanda müxtəlif işlərdə işlədim, fəhləlik, çobanlıq etdim. Amma maaşımı vermədilər. Anamla telefonla danışanda türk dilindən istifadə etdiyim üçün müdir məni döydü.

Bu səbəbdən Ermənistandan çıxmaq qərarına gəldim. Ermənistan sərhədçiləri orada qanunsuz yaşadığım üçün 2000 ABŞ dollar məbləğində cərimə ödəməli olduğumu bildirdilər. Pulum olmadığı üçün İrana buraxılmadım, yalnız cəriməni ödədikdən sonra Ermənistanı tərk edə biləcəyimi bildirdilər. Mehri şəhərinə geri qayıtdım, orada yaşamağın təhlükəli olduğunu düşündüyümdən qeyri-qanuni yolla sərhədi keçmək qərarına gəldim. Araşdırma etdikdən sonra Ermənistanın Azərbaycanla sərhədinin olduğunu öyrəndim. Avtobusla sərhədə yaxın kəndə getdim, daha sonra “Google map” tətbiqindən istifadə edərək iki ölkənin sərhədinə yaxınlaşdım. Üç gün meşədə qaldım. Sentyabrın 1-də bir qədər piyada hərəkət etdikdən sonra qarşıma Azərbaycan bayrağı çıxdı. Nəticə sərhədçilər tərəfindən saxlanıldım”.

Qeyd edək ki, ötən il sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.