BAKI, 19 sentyabr. TELEQRAF
Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov sentyabrıb 18-də Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea tərəfindən qəbul olunub.
Teleqraf xəbər verir ki, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Elçin Yusubov işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və quruculuq işləri, “Böyük Qayıdış” prosesi, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə qarşı tərəfə geniş məlumat verib.
Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məqsədilə regionlar və şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması prosesinə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Bununla yanaşı Rumıniyaya rəsmi səfər çərçivəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun Alba-Yuliya şəhərinin meri Qabriel-Kodru Pleşa ilə görüşü keçirilib. Görüşdə iqtisadi əməkdaşlıq imkanları, işgüzar əlaqələrin qurulmasına dəstək və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, tərəflər arasında turizm sahəsində əməkdaşlığın potensialına, mədəni və tarixi abidələrin təbliğinə xüsusi diqqət yetirilib.
Qeyd edilməlidir ki, Alba-Yuliya Rumıniyanın mərkəzində, Transilvaniya bölgəsində yerləşən və Rumın xalqının milli birliyinin simvolu, iki min illik zəngin və qədim tarixə malik bir şəhərdir.