BAKI, 7 fevral. TELEQRAF
Bu gün Teleqraf-ın 14 yaşı tamam olur.
Media aləmində öz tarixi və tarixçəsi olan Teleqraf informasiya agentliyi olaraq 7 fevral 2025-ci ildən öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Teleqraf İnformasiya Agentliyi (İA) 2012-ci ildə fəaliyyətə başlamış “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında yaradılıb.
Agentlik ölkəmizdə bütün sahələrdə və mövzularda baş verən hadisələri obyektiv, dəqiq və peşəkar formada işıqlandırmağa çalışır.
Teleqraf İnformasiya Agentliyi eyni zamanda Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri diqqətdə saxlayır, operativ xəbərlər yayır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.
Ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşları olan xarici ölkələrdə müxbir postları təsis olunub.
Tərəfsiz informasiya siyasəti həyata keçirən Teleqraf geniş kollektivlə işləyir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.
Müasir dövrdə informasiya siyasətinin vacib elementi olan sosial media platformalarında agentliyin istehsal etdiyi xəbər, foto və videogörüntülər oxuculara, izləyicilərə çatdırılır. Özəl materiallara üstünlük verən Teleqraf İA yerli media orqanları üçün etibarlı istinad mənbəyinə çevrilib.
Teleqraf İnformasiya Agentliyinin oxucularını təbrik edirik!