BAKI, 22 yanvar. TELEQRAF

2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentiyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Bununla əlaqədar sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib.

"Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

− müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi;
− sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;
− texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;
− etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması;
− suyun sınaq nəticələrinin normalara uyğun olmaması;
− işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi;
− dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması.

Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib.

Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib.

Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib", - məlumatda qeyd olunub.