BAKI, 21 yanvar. TELEQRAF
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də ziyarət edib.