BAKI, 17 dekabr. TELEQRAF
ABŞ-də Donald Trampın ikinci prezidentlik müddətinin başlamasından sonra 2025-ci il qadın və qızların hüquqları baxımından ağır il kimi yadda qalıb. Xüsusilə cinsi və reproduktiv sağlamlıq sahəsində qlobal miqyasda ciddi geriləmələr qeydə alınıb.
Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, beynəlxalq hüquq müdafiəçiləri aşağıdakı beş əsas hadisəni qadınların təhlükəsizliyi, ləyaqəti və həyatı üçün ciddi təhdid kimi qiymətləndirir:
USAID-in faktiki ləğvi
Mart ayında ABŞ Dövlət katibi Marko Rubio USAID-in proqramlarının 83 faizinin dayandırılacağını təsdiqləyib. Qərar humanitar təşkilatların kəskin reaksiyasına səbəb olub. Bildirilib ki, xüsusilə münaqişə zonalarında qadınlar və qızlar tibbi yardım, ana sağlamlığı və ailə planlaşdırılması xidmətlərindən məhrum qalır. İl sonuna qədər yüz minlərlə insanın xəstəlik, aclıq və zorakılıq səbəbilə həyatını itirdiyi qeyd olunur.
BMT Qadınlar Sammiti fonunda ultramühafizəkar fəallıq
Martda Nyu-Yorkda keçirilən BMT Qadınlar toplantısı ilə paralel olaraq xristian-sağçı qruplar konfrans təşkil edərək gender, abort və müxtəliflik siyasətlərinə qarşı çıxış ediblər. BMT baş katibi Antonio Quterreş “patriarxal düşüncənin geri döndüyü” barədə xəbərdarlıq edib.
Afrikada “ailə dəyərləri” konfransları
Yaz və yay aylarında Uqanda, Keniya və Syerra-Leonedə keçirilən tədbirlər hüquq müdafiəçilərinin narahatlığına səbəb olub. ABŞ və Avropadan olan anti-hüquq fəallarının iştirakı ilə təşkil edilən bu toplantıların qadın və LGBTQ hüquqlarına qarşı platformaya çevrildiyi bildirilir.
ABŞ-nin kontraseptivləri məhv etmək planı
İyulda ABŞ hökuməti Belçikada saxlanılan 10 milyon dollar dəyərində kontraseptivin məhv ediləcəyini açıqlayıb. Beynəlxalq təşkilatların hesablamalarına görə, bu addım Afrikada yüz minlərlə qadının tibbi vasitələrdən məhrum qalmasına, minlərlə arzuolunmaz hamiləlik və təhlükəli abortlara səbəb ola bilər.
“Qlobal susdurma qaydası”nın genişləndirilməsi
Tramp administrasiyası abortla bağlı məsləhət verən qurumlara ABŞ yardımını qadağan edən “global gag rule” qaydasını bərpa etməklə yanaşı, onun hökumətlərə və beynəlxalq təşkilatlara da şamil olunacağını bildirib. Hüquq müdafiəçiləri bu qərarın hesablanması mümkün olmayan fəsadlar doğuracağını vurğulayır.
Mütəxəssislər bildirir ki, 2025-ci ildə qəbul edilən bu qərarlar qlobal miqyasda qadın və qızların hüquqlarının ciddi şəkildə zəifləməsinə gətirib çıxarıb.