BAKI, 12 dekabr. TELEQRAF

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.

Bu barədə Teleqraf-a Vəkillər Kollegiyasından məlumat verilib.

VK-nın nümayəndə heyətinin tərkibində Kollegiyanın sədr müavini Şahmar Məmmədov və VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil olunur.

Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.

Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən işlər haqqında danışıb.

Kollegiyanın sədri Anar Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.

Anar Bağırov Vəkillər Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini vurğulayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında danışıb. Sədr Ədliyyə Akademiyasında vəkilliyə namizədlər üçün icbari təlim proqramlarının əhəmiyyətini, eləcə də vəkillər üçün davamlı tədris kurslarının peşə hazırlığının artırılmasında mühüm rol oynadığını xüsusi qeyd edib.

Eyni zamanda Anar Bağırov Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, Kollegiyanın Şurada, Hakimlərin Seçki Komitəsində, Məhkəmə Ekspertizası Şurasında, eləcə də Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında uğurlu və fəal təmsilçiliyini vurğulayıb. Bu istiqamətdə iştirakın məhkəmə-hüquq sisteminin inkişafına töhfə verdiyi qeyd olunub.

Həmçinin VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən dövrlərdə Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları görüş iştirakçılarının nəzərinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Həmçinin səfər çərçivəsində nümayəndə heyətinin Rumıniyada bir sıra qurumların və Rumıniya Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşlərinin keçirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.