BAKI, 5 dekabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, pelet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.

Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Teleqraf-a səbəb kimi hələ məktəbdə qazlaşdırılma prosesinin başa çatmadığı qeyd olunub.

Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.

Araşdırmamız nəticəsində o da müəyyən edilib ki, sözügedən məktəb “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”a daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.

Lakin təqdim etdiyimiz fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.