BAKI, 13 noyabr. TELEQRAF

Son illər artıq çəkidən əziyyət çəkən insanlar mədəkiçiltmə əməliyyatına üz tuturlar. Xüsusilə, buna xanımlar arasında daha çox rast gəlirik. Mədəkiçiltmə əməliyyatı onları məqsədinə çatdırsa da, bəzən müəyyən fəsadların yarandığı deyilir. Hətta bəziləri mədəkiçiltmə əməliyyatının ölümə gətirib çıxardığını, xərçəng xəstəliyinə səbəb olduğunu düşünür.

Bəs bu fikirlər həqiqəti əks etdirirmi?

Teleqraf” İnformasiya Agentliyi Azərbaycan Tibb Universitetinin əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metobolik cərrahı, tibb elmləri doktoru, professor Elçin Abdinovla müsahibəni təqdim edir:

- Elçin həkim, son illərin ən populyar əməliyyatlarından biri mədəkiçiltmə əməliyyatıdır. Gəlin, öncə ondan başlayaq ki, bu əməliyyat özündə nəyi ehtiva edir və kimlər üçün şərtdir?

- Mədəkiçiltmə əməliyyatı bariatrik cərrahiyyə əməliyyatlarının ən optimalıdır və piylənmə xəstəliyi olan insanlara şamil edilir. Dünya üzrə bir il ərzində icra olunan bariatrik əməliyyatların 60-70%-dən çoxu məhz elə mədəkiçiltmə əməliyyatının payına düşür. Bu əməliyyat mədə-bağırsaq traktının davamlılığını pozmadan az travmatik, tez başa gələn və maddi baxımdan daha sərfəlidir. Nəticəsi isə digərlərindən geri qalmır, hətta bəzi hallarda nəticələr daha qənaətbəxş olur.

Bariatrik cərrahiyyə — sleeve qastrektomiya, Roux-en-Y qastroşuntlama, biliopankreatik diversiya və digər prosedurlar — son 20 ildə piylənmənin ən effektiv müalicə üsulu kimi qəbul olunub.

Ümumiyyətlə, bariatrik cərrah əməliyyatları həyat qurtaran əməliyyatlardır. İnsanın həyat keyfiyyətini yaxşılaşdırır, ömrünü uzadır, yanaşı xəstəlikləri aradan qaldırır.

- Belə bir fikir var ki, istəyən hər bir kəs mədəkiçiltmə əməliyyatı etdirə bilər.

- Xeyr, bu əməliyyat, piylənmə xəstəliyi diaqnozu təsdiqlənmiş insanlara edilir. Piylənmə kök, şişman görünmək demək deyil, o çox mürəkkəb xəstəlikdir. Bu xəstəliyin əlamətlərini həkim dəqiqləşdirir. Əməliyyat xəstənin istəyi ilə edilmir, buna bariatrik cərrah qərar verir. Bu da bədən kütlə indeksindən (BKİ) və müəyyən şərtlərdən asılıdır.

- Niyə cəmiyyətdə mədəkiçiltmə əməliyyatı plastik əməliyyat hesab olunur? Yəni gözəlləşmək və formaya düşmək istəyən insanlar bu əməliyyatlara can atırlar.

- Bəli, təəssüf ki, insanlar plastik əməliyyatlarla bariatrik əməliyyatları səhv salır. Piylənməsi olan şəxslərə plastik əməliyyat - liposaksiya etmək olmaz, çünki risklidir. Fəsadlar yarana, ağırlaşmalar ola bilər. Bu əməliyyatlar tamamilə fərqlidir. Biri gözəlliyə, digəri sağlamlığa xidmət edir. Bu əməliyyatların əsas məqsədi — bədən çəkisinin sabit və əhəmiyyətli dərəcədə azalması, insulinə qarşı rezistentliyin zəifləməsi, xroniki iltihabi vəziyyətin aradan qalxması və metabolik balansın bərpasıdır. Qısaca olaraq desək: xəstəliyi müalicə edir.

- Həkim, bəs piylənmə xəstəliyinin əlamətləri hansılardır?

- Öncə deyim ki, piylənmə XXI əsrin ən ciddi qlobal səhiyyə problemlərindən biridir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 1975-ci ildən bəri üç dəfədən çox artaraq hazırda dünya əhalisinin 30%-dən çoxunu əhatə edir və bu göstəricinin 2030-cu ilə qədər kəskin artacağı proqnozlaşdırılır.

Piylənmənin əlamətləri həm fiziki, həm də metabolik və psixoloji səviyyələrdə özünü göstərir. Əsas əlamətləri - bədən çəkisinin artması, qarın ətrafının böyüməsi, nəfəs darlığı, sürətli yorulma və halsızlıq, oynaqlarda ağrı və hərəkət məhdudluğu. Bu xəstəlikdə orqanizmdə hormonal mübadilə, maddələr mübadiləsi pozulur. Piylənmə artıq yalnız kosmetik problem deyil, xroniki sistem xəstəliyi hesab olunur. Müasir dövrün elmi konsensuslarına əsasən: piylənmə metabolik sindromun əsas komponentidir, bu zaman hormon balansı pozulur, immun sistem zəifləyir, xərçəng riski artır.

- Əməliyyat necə təsir edir?

- Mədənin dibi deyilən hissə var, burada iştah hormonu adlanan “Grelin” hormonu istehsal olur. Səbəbsiz iştah, daim yemək istəmə həvəsi... Mədəkiçiltmə əməliyyatında mədənin həmin hissəsi xaric edilir, həmçinin mədə 80% kiçilir.

Beləliklə, iştah azalır, insan qida qəbul etdikdə mədə tez dolur, doyma refleksi ortaya çıxır. Mədəkiçiltmə əməliyyatından sonra neyrohumoral təsir gedir, yəni orqanizmdə artıq piy yandırılır. Bu da arıqlamaya səbəb olur, çəki itkisi baş verir. Zamanla piy toxuması azalır deyə proses də dayanır.

- İştah hormonu olan hissə yenidən yarana bilərmi?

- Ola bilər, müəyyən zaman keçdikdən sonra iştah hormonu yenidən təsir etməyə başlaya bilər, amma insan artıq az yeyib tez doymaqla kifayətləndiyi üçün həmin hormon patoloji təsir göstərə bilmir. Beləliklə, insan normal qidalanma ilə arıqlaya bilir.

- Piylənmə xəstəliyi nə ilə əlaqəlidir?

- Hər bir canlı orqanizm yaşamaq uğrunda mübarizə aparır. Aclıq uğrunda mübarizədə beyin, hormonal sistem bir növ desək, kodlaşdırılır. İlk insanlar 25-30 il yaşayıblar, yemək tapa bilməyiblər və acından ölüblər. İndi isə insanlar 70-80 il yaşayır, gündə 3 dəfə qidalanır, amma bu halda da piylənmə və digər xəstəliklər yaranır.

- Bəzən deyirlər ki, yemirəm, amma buna baxmayaraq yenə də kökəlirəm. Bunun səbəbi nədir?

- Çünki beyin çox yeməyə öyrəşib və bir neçə gün yemədikdə beyin yediklərini piy toxumasına çevirir. O başa düşmür ki, insan arıqlamaq üçün az yeyir. Beyin düşünür ki, yemək tapılmır, aclıqdır. Məsələn, insan 80 kq-dır, bu gün 79 kq olduğunu görəndə beyin orqanizmi 80 kq-a qaytarmağa çalışacaq. Sən nə etsən də, beyin aclıq olduğunu zənn edəcək. Bunu neyrohumoral sistem tənzimləyir və belə bir kod yaranır. Buna görə də onlara idman, pəhriz təsir etmir. Bu gün piylənmə xəstəliyindən əziyyət çəkən insanlar üçün uzunmüddətli effektiv yol bu əməliyyatlardır. Mədəkiçiltmə əməliyyatı olduqda hormonal sistemə təsir olur və həmin kod sınır.

- Bədənimizdə piylənmənin olduğunu necə bilək?

- Piylənmə bədən kütlə indeksi ilə ölçülür. Bədənin kütləsi boyun ölçüsünün kvadartına bölünür. Məsələn, bir insanın 120 kq çəkisi var və boyu 160 sm-dirsə, bədən kütlə indeksi 120:1.60×1.60 olaraq hesablanır. Nəticə 43-dən yuxarı olur, bu da piylənmədir.

Göstərici 19-25 aralığında olduqda çəki normaldır, 25-30 olduqda köklük yəni artıq çəki baş verir. 30-dan yuxarı olduqda isə piylənmə xəstəliyi başlayır. Piylənmənin özünün də 3 mərhələsi var. 30-35 arası birinci dərəcəli piylənmədir, 35-40 arası ikinci dərəcəli piylənmədir. 40-dan yuxarı isə üçüncü dərəcəli piylənmə nəzərdə tutulur ki, buna hətta ölümcül piylənmə də deyilir. Həmin şəxslərdə piylənmə ilə yanaşı şəkər, təzyiq, qaraciyər və digər xəstəliklərə də rast gəlinir.

- Əgər piylənmənin özü 3 mərhələyə bölünürsə, əməliyyat hansı mərhələdə şərt olur?

- BKİ 40-dan yuxarı olan şəxslərdə, yanaşı psixi xəstəliklər, zərərli vərdişlər, asılılıqlar, anestezioloji risk, mədə-bağırsaq sistemində kəskin xəstəlikləri, həmçinin kəskin onkoloji xəstəlikləri yoxdursa bu əməliyyat olunur. Çox insan şəkəri varsa, əməliyyat olmaz deyir. Amma əksinə şəkəri olan insanlar üçün bu əməliyyat onların qurtuluşudur.

- Niyə?

- Çünki əməliyyatdan sonra şəkər də normallaşır. İnsulin iynəsi və həblər istifadə edən şəkər xəstələrinin əməliyyatdan sonra bu vasitələrdən canı qurtarır. Həmçinin təzyiq normallaşır, qaraciyər piylənməsi aradan qalxır. Dayaq hərəkət sisteminin üzərinə düşən yük azaldığına görə oynaqlarda olan problem də azalır. Piylənməsi olan insanlarda dəri infeksiyaları olur, əməliyyatdan sonra bu aradan qalxır. Əməliyyat ürək-damar sisteminə və digər orqanlara təsir edir, həyat keyfiyyəti yüksəlir.
Bədən kütlə indeksi 35-40 olan şəxslərdə yanaşı şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi, metabolik xəstəliklər olduqda və bir neçə dəfə pəhriz saxlayıb xeyir etmədikdə də əməliyyat etmək olar. Amma əməliyyatdan öncə dəqiq və ciddi yoxlanış, müayinələr aparılmalıdır.

Artıq bədən kütlə indeksi 30-dan yuxarı olan şəxslərə də bu əməliyyatların edilməsinə başlanılıb. Bu, protokollara da salınıb.

- Bəs 30-dan aşağı olduqda necə?

- Həmin şəxslərə əməliyyat qəti olmaz. Buna görə heç kim onları əməliyyat etmir. Onlar üçün həyat rejimin dəyişilməsi, idman, pəhriz kimi müxtəlif üsullar var. Bu qaydalarla artıq çəkinin qarşısını almaq olar.

- Piylənmənin hansı təsirləri var?

- Demək olar ki, orqanizmdə təsir etmədiyi hissə yoxdur. Bu da yanaşı xəstəliklər yaradır, həyat keyfiyyətini aşağı salır.
Piylənməsi olan şəxslərdə uşaqlıq, yumurtalıq xərçəngi, süd vəzi xərçəngi, mədəaltı vəzi, qalxanabənzər vəzi xərçəngi, qaraciyər, mədə, prostat xərçəngi, ümumiyyətlə, bütün xərçəng növlərinin rast gəlinmə faizi çoxdur. Elə xəstəlik var ki, orada 30-40% və ya 50-60% ehtimal mövcuddur. Mədəkiçiltmə əməliyyatı olandan sonra piylənmə aradan qalxır. Beləliklə, həmin xəstəliklərin yaranma riski də azalır.

- Xərçəng xəstəliyindən söz düşmüşkən, cəmiyyətdə sizin fikrinizin tamam əksi geniş yayılıb. Düşünülür ki, mədəkiçiltmə əməliyyatı xərçəng xəstəliyi yaradır və ya öldürür.

- Bu doğru yanaşma deyil. Bariatrik cərrahiyyə əməliyyatlarının insanı öldürməsi həqiqətə uyğun deyil, cəfəngiyyatdır. Bilmədən insanları təşvişə salmaq olmaz. Hər kəs özü araşdırıb bunu görə bilər. Məlumatları mütəxəssislərdən almaq lazımdır.
Sübut olunub ki, piylənməsi olan insanların normal çəkili insanlardan daha çox xərçəng olma ehtimalı var. İsveç Elmi Araşdırmalar Mərkəzi dünyada etibarlı, güvənli tədqiqatları ilə seçilir. Piylənməsi olan 8 milyondan çox xəstə və yarım milyona qədər piylənməsi olan mədəkiçiltmə əməliyyatı olunmuş xəstə arasındakı tədqiqatlara əsasən aydın olub ki, əməliyyat olanlarda xərçəng riski 56% azalıb. Piylənməsi olan və mədəkiçiltmə əməliyyatı olunmuş xəstənin xərçəng olma ehtimalı piylənməsi olan əməliyyat olunmamış xəstədən 56% azdır.

Mövcud elmi sübutlar göstərir ki, bariatrik cərrahiyyə yalnız artıq çəkidən azad olma üsulu deyil, həm də xərçəngin profilaktikası baxımından mühüm tibbi vasitədir.

Əməliyyatdan sonra xüsusilə obezliklə və hormon balansı ilə əlaqəli şişlərdə (endometrium, süd vəzi, qaraciyər və s.) risk əhəmiyyətli dərəcədə azalır.

Üstəlik, uzunmüddətli araşdırmalar göstərir ki, piylənməsi olan mədəkiçiltmə əməliyyatı olmuş xəstələr əməliyyat olunmamış xəstələrdən 14-15 il çox yaşayır, ömrü uzanır. Çünki piylənmə ömrü qısaldır, yanaşı xəstəliklər yaradır. Bariatrik cərrahiyyə əməliyyatlarından sonrakı ölüm sayı mində bir xəstəyə düşür, bu da 0.1%-ə bərabərdir.

- Piylənməni əməliyyatdan başqa üsulla aradan qaldırmaq mümkündür?

- Piylənmənin qeyri-cərrahi müalicəsi gündəmdədir. Piylənmə üçün istifadə olunan bəzi dərmanlar xərçəng riskini artırır və ölümə səbəb olur. Bunun üçün dünyada qəbul olunmuş qayda və təlimatlar var.

Bu yaxınlarda Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə bəyanatı olmuşdu. Bəyanata əsasən, arıqlama məqsədi ilə ölkəyə gətirilən müəyyən qrup dərmanların girişinə qadağa qoyuldu və nəzarəti gücləndirildi. Çünki əksəriyyəti qeyri-qanuni yolla gətirilir. Dünyanın bir çox ölkələrində onların istehsalı, satışı və istifadəsi qəti qadağan olunub. Sübut olunub ki, o dərmanlar xərçəng və yanaşı xəstəliklərə, ölümə səbəb olur. Buna görə də öncədən istehsal olunan və əldə qalan bu dərmanları müəyyən yollarla digər ölkələrə satmağa çalışırlar. Buna görə də dövlət tədbirlər görür və bu yaxınlarda həmin bəyanat oldu.

- Əməliyyat olunan şəxs təkrar əvvəlki çəkisinə qayıda bilir?

- Xeyir. Hər 100 xəstədən 15-20 nəfərində çəki artımı ola bilir, amma əvvəlki çəkisinə qayıtmır. Yəni piylənmə getmir. Çəki artımı olduqda biz onun niyə çəki aldığını araşdırırıq və onu qida rasionundan çıxarırıq. Beləliklə, aldığı həmin çəkini yenidən atır.

- Azərbaycanda mədəkiçiltmə əməliyyatını kimlər edir?

- Ölkəmizdə mədəkiçiltmə əməliyyatları Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında və özəl xəstəxanalarda edilir. Bu əməliyyatları hər cərrah, hər klinika edə bilmir. Bunun üçün peşəkar komanda və tam təchiz olunmuş klinika olmalıdır. Azərbaycanda bu əməliyyatı edən cərrah da azdır. Peşəkar briqada cərrah, anestezioloq, endokrinoloq, dietoloq, reanimatoloq, tibb bacısı və s. olmalıdır. Xəstədə baş verə biləcək ağırlaşmanı aradan qaldırmaq imkanı olmalıdır.

- Əməliyyatları daha çox hansı cinsin nümayəndələri etdirir?

- Statistika göstərir ki, piylənməyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Qadınlar gözəlliyə, sağlamlığa daha meylli olurlar və onlar daha çox müraciət edirlər. Kişilər isə artıq çəki ilə baş edə bilməyəndə və orqanizm tükənəndə əməliyyata müraciət edirlər.

İnsanlar başa düşməlidirlər ki, piylənmənin riskləri əməliyyat riskindən qat-qat çoxdur.

- Azərbaycanda icra olunan mədəkiçiltmə əməliyyatlarının artım dinamikası haqda nə deyə bilərsiniz?

- Bəli, artım var. 2023-cü ildə isə mədəkiçiltmə əməliyyatlarının sayı 1100, 2024-cü ildə 1264 olub. Ümumilikdə isə 12 il ərzində Azərbaycanda 11000-dən çox mədəkiçiltmə əməliyyatı icra olunub.