BAKI, 15 may. TELEQRAF

Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq artıq türk dünyasını vahid ailə kimi birləşdirən platformaya çevrilib. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvəsində iştirakı mühüm məqamlardan xəbər verir.

Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının siyasi, iqtisadi və geostrateji baxımdan yeni mərhələyə keçidinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir:

“Son illər təşkilat daxilində əməkdaşlığın dərinləşməsi, ortaq nəqliyyat-logistika layihələrinin genişlənməsi, rəqəmsal transformasiya və təhlükəsizlik məsələlərinin gündəmdə ön plana çıxması TDT-ni yalnız mədəni yaxınlıq platforması deyil, eyni zamanda ciddi geosiyasi güc mərkəzinə çevirməkdədir. Bu prosesdə Azərbaycan xüsusi təşəbbüskar rol oynayır. Prezident cənab İlham Əliyevin türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində irəli sürdüyü siyasi xətt təşkilatın institusional güclənməsinə və əməkdaşlığın praktik nəticələr verməsinə mühüm töhfə verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsas sütunlarından biri Azərbaycan-Qazaxıstan münasibətləridir. Son beş ildə Prezident İlham Əliyevin Qazaxıstana səkkiz, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi ikitərəfli münasibətlərin yüksək dinamikasını və siyasi etimad səviyyəsini nümayiş etdirir”.

Deputat qeyd edib ki, dörd il əvvəl imzalanmış Birgə Bəyannamə münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldib: “Bu sənəd yalnız siyasi dialoqu deyil, iqtisadi, enerji, nəqliyyat-logistika və rəqəmsal sahələrdə uzunmüddətli strateji inteqrasiyanı da nəzərdə tutur. Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə Orta Asiya-Xəzər-Cənubi Qafqaz geosiyasi xəttinin formalaşmasında mühüm faktor kimi çıxış edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin qardaşlaşdığı ilk şəhərin Türküstan olması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi-mədəni bağların müasir geosiyasi reallıqlarda yeni məzmun qazanmasının göstəricisidir. Şuşa artıq yalnız Azərbaycanın mədəni paytaxtı deyil, eyni zamanda türk dünyasının ortaq mənəvi platformalarından birinə çevrilir. Məhz Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün ilk dəfə Şuşada keçirilməsi və Qarabağ Bəyannaməsinin qəbul olunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağ Bəyannaməsi türk dövlətlərinin regional təhlükəsizlik, iqtisadi inteqrasiya və qarşılıqlı dəstək məsələlərində vahid yanaşma nümayiş etdirməsinin mühüm siyasi sənədi hesab olunur”.

Mehriban Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin Zirvə görüşündə vurğuladığı əsas tezislərdən biri türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi ilə bağlıdır: “Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı şəraitdə türk dövlətlərinin koordinasiyalı fəaliyyəti xüsusi aktuallıq qazanır. Türk dövlətləri arasında ortaq tarix, dil, etnik və mənəvi bağlılıq artıq siyasi və iqtisadi əməkdaşlıq üçün möhkəm institusional bazaya çevrilir. Bu əməkdaşlıq modeli tədricən türk dünyasını vahid ailə konsepsiyası ətrafında birləşdirən strateji platforma formalaşdırır. TDT-nin əsası 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş Zirvə görüşündə qoyulub. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaladığı “Naxçıvan Sazişi” türk dövlətlərinin inteqrasiya tarixində dönüş nöqtəsi hesab olunur. Hazırda isə təşkilat funksional əməkdaşlıq mərhələsindən strateji koordinasiya mərhələsinə keçməkdədir. Qlobal geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Avropa ilə Asiyanı birləşdirən bu marşrut həm ticarət, həm enerji, həm də rəqəmsal bağlantılar baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən biri kimi xüsusi diqqət çəkir. Dəhlizin reallaşması türk dövlətləri arasında birbaşa nəqliyyat əlaqələrini genişləndirməklə yanaşı, regionun logistika xəritəsini də dəyişdirəcək. Türk Dövlətləri Təşkilatı çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən “e-Permit” sistemi də yükdaşımaların sürətlənməsinə xidmət edir. Elektron icazə mexanizmi tranzit daşımaların daha çevik və şəffaf həyata keçirilməsinə imkan yaradır ki, bu da Orta Dəhlizin rəqabət qabiliyyətini artırır”.

Deputatın sözlərinə görə, müasir dövrdə geosiyasi rəqabətin əsas istiqamətlərindən biri rəqəmsal infrastrukturlar uğrunda mübarizədir: “Azərbaycan bu istiqamətdə türk dünyasında aparıcı təşəbbüskar ölkələrdən biri kimi çıxış edir. Avropa ilə Asiya arasında həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Azərbaycan-Qazaxıstan Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Bu layihə regionun rəqəmsal bağlantı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və məlumat ötürülməsi sahəsində yeni imkanlar yaradacaq. Azərbaycan rəqəmsal suverenliyin möhkəmləndirilməsini və innovasiya əsaslı iqtisadiyyata keçidi strateji prioritet elan edib. Bu istiqamətdə Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması mühüm institusional addımlar hesab olunur. Ötən il qəbul edilmiş Süni İntellekt Strategiyası ölkənin texnoloji transformasiya kursunu müəyyənləşdirir. Eyni zamanda, süni intellektin məsuliyyətli və təhlükəsiz istifadəsi, onun qanunazidd məqsədlər üçün tətbiqinin qarşısının alınması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda sabit genişzolaqlı internetin əhatə dairəsinin 100 faizə çatdırılması isə region ölkələri arasında ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir və rəqəmsal inkişaf strategiyasının praktik nəticələrini göstərir. Yaxın perspektivdə Bakıda keçiriləcək beynəlxalq tədbirlər də Azərbaycanın türk dünyasının inteqrasiya prosesində artan rolunu nümayiş etdirir. WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun keçirilməsi şəhər inkişafı, dayanıqlı urbanizasiya və müasir idarəetmə modelləri sahəsində əməkdaşlığı gücləndirəcək. Bununla yanaşı, iyun ayında Bakıda keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk dünyası həftəsi türk xalqlarının ortaq elmi, mədəni və ideoloji irsinin yenidən qiymətləndirilməsi baxımından mühüm hadisə olacaq. Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlıq platforması deyil, siyasi koordinasiya, iqtisadi inteqrasiya, rəqəmsal transformasiya və nəqliyyat bağlantıları üzərində formalaşan strateji birlik modelinə çevrilməkdədir. Azərbaycanın təşəbbüsləri, xüsusilə Prezident İlham Əliyevin irəli sürdüyü inteqrasiya siyasəti təşkilatın yeni inkişaf mərhələsinə keçidində mühüm rol oynayır. Orta Dəhliz, Zəngəzur dəhlizi, “Rəqəmsal İpək Yolu”, süni intellekt və rəqəmsal suverenlik kimi istiqamətlər türk dövlətlərinin gələcək əməkdaşlığının əsas dayaqlarını formalaşdırır. Mövcud geosiyasi reallıqlar göstərir ki, türk dünyasının qarşıdakı dövrdə daha koordinasiyalı, iqtisadi baxımdan daha inteqrasiya olunmuş və beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilməsi üçün ciddi potensial mövcuddur”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı isə bildirib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri Türk dünyasının strateji gələcəyini müəyyən edən mühüm siyasi platformaya çevrilib: “15 may tarixində Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti sammitin “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunması Türk dünyasının ortaq tarix və mədəniyyət üzərində, texnologiya, rəqəmsal təhlükəsizlik və innovasiya əsaslı gələcək üzərində birləşmək niyyətinin göstəricisidir.

Bu gün dünyada yeni güc mərkəzləri formalaşır. Dövlətlərin nüfuzu hərbi və iqtisadi potensialla bərabər, süni intellekt, rəqəmsal idarəetmə, böyük məlumat bazaları və texnoloji suverenlik XXI əsrin əsas güc indikatorlarına çevrilib.

Türk Dövlətləri Təşkilatı formalaşan yeni dünya nizamına uyğunlaşaraq proseslərdə iştirak edən və mövqe ortaya qoyan platformaya çevrilməyi hədəfləyir. Azərbaycan adıçəkilən prosesdə xüsusi rola malikdir. Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz Türk dünyasının siyasi inteqrasiyasında olduğu kimi, rəqəmsal transformasiya istiqamətində də ön sırada dayanır. Azərbaycanın son illərdə həyata keçirdiyi rəqəmsallaşma proqramları, “Süni İntellekt Strategiyası”, innovasiya ekosisteminin inkişafı və insan kapitalına yönələn investisiyalar region üçün nümunə hesab olunur. Bakıda Süni İntellekt Akademiyasının yaradılması da gələcəyə hesablanmış strateji addımdır”.

Deputat qeyd edib ki, türk dünyasında günümüzdə müzakirə olunan ideyaların kökü yeni deyil: “1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay ortaq dil, əlifba və milli düşüncə ətrafında böyük bir intellektual birlik yaratmışdı. Bu gün həmin ideyalar rəqəmsal mərhələyə keçir. Bir əsr əvvəl dil və əlifba birliyi müzakirə edilirdi, bu gün isə ortaq rəqəmsal platformalar, süni intellekt alqoritmləri və texnoloji koordinasiya gündəmdədir. Bütün bunlar türk dünyasının dəyişən qlobal çağırışlara uyğunlaşmasının və inteqrasiyanın yeni mərhələyə keçməsinin məntiqi davamıdır. Bu baxımdan Azərbaycan tarixi missiyasını davam etdirən əsas mərkəzlərdəndir. Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün məhz Şuşada keçirilməsi böyük siyasi və mənəvi mesaj idi. Bu, həm Azərbaycanın Zəfərinin Türk dünyası tərəfindən ən yüksək səviyyədə qəbul edilməsi, həm də Türk birliyinin konkret siyasi iradəyə çevrildiyinin nümayişi idi. Şuşadan başlayan yeni ənənə Türküstanda davam edir”.

Günay Ağamalı vurğulayıb ki, bu gün Orta Dəhliz layihəsi də Türk dünyasının iqtisadi və geosiyasi birliyinin əsas sütunlarındandır: “Dövlət başçımız İlham Əliyevin illərlə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit və logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi təşəbbüsü Türk dünyasının inteqrasiyasını təmin edən mühüm strateji layihələrdir. Sözügedən marşrutların rəqəmsal texnologiyalar və süni intellekt həlləri ilə daha səmərəli idarə olunması yeni mərhələnin başlanğıcı olacaq.

Türküstan sammiti bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı qlobal nizamda öz sözünü deyən, siyasi, iqtisadi, rəqəmsal və geostrateji baxımdan güclənən böyük bir ailəyə çevrilməkdədir. Birliyimiz və həmrəyliyimiz ortaq maraqlar və strateji hədəflərlə möhkəmlənir”.