BAKI, 15 may. TELEQRAF
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin iki şagirdi arasında baş vermiş insidentlə bağlı məktəb rəhbərliyi açıqlama verib.
Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Azər Yusifov Teleqraf-a bildirib ki, hazırda həmin şagirdlərlə psixoloqlar işləyir.
Onun sözlərinə görə, hər iki uşağın valideynləri məktəbə çağırılıb: "Hüquq- mühafizə orqanlarının əməkdaşları ötən gün onlarla müəyyən söhbətlər aparıb".
Azər Yusifov qeyd edib ki, hadisə tənəffüs vaxtı olub və 9-cu sinif şagirdi öz sinif yoldaşını sanitar qovşağına aparıb: "Orada da şagirdlər arasında mübahisə münaqişəyə çevrilib. Bundan heç kimin xəbəri olmayıb. Əlbəttə, dərs prosesində olsaydı icazə alıb çıxardılar. Çəkilişi aparan şagirddə onların sinif yoldaşı olub. Ona görə üç sinif yoldaşı da nəzarətə götürülüb. Əvvəllər məktəbimizdə belə hal qeydə alınmayıb".
Qeyd edək ki, sosial mediada sözügedən məktəbdə şagirdin digər məktəblini döyməsi ilə bağlı görüntülər yayılıb.