BAKI, 15 may. TELEQRAF

Bu gün Bakı və regionlar, işğaldan azad olunan ərazilər də müasir formada kökündən dəyişir.

Teleqraf xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərin bərpası sürətlə gedir, şəhərsalma modeli, nəqliyyat infrastrukturu yenilənir:

"Hər şey kökündən və çox müasir formada dəyişir. Burada təkcə müasirlik deyil, təhlükəsizlik də nəzərə alınır. Təhlükəsizliyə çox ciddi yanaşılır".

Aydın Mirzəzadə Azərbaycanın şəhərsalma mədəniyyətinin qədim mərkəzlərindən biri olduğunu vurğulayıb:

"Şəhərsalmanın ən pik nöqtəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə oldu. 1969-1982 Azərbaycan şəhərsalma modelində inqilabi dəyişiklik oldu. Bu illərdə iki dəfə çox ailə mənzillə təmin olundu, 6 yeni universitet açıldı. 50 ilə yönəldilmiş maliyyəni 13 ilə yönəltdi. Bu xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhərsalma mədəniyyəti müasir tələblərə uyğun olaraq həyata keçirilir".