XANKƏNDİ, 16 oktyabr. TELEQRAF

Ağdam və Füzuli azad edilmiş ərazilərdəki ən böyük şəhərlərdir. Hər iki şəhərin baş planı 2040-cı ilə qədər olan dövr üçün hazırlanıb. Ağdam azad edilmiş ərazilərdə ən böyük şəhər, ümumilikdə isə Bakı, Gəncə və Sumqayıtın ardınca Azərbaycanın dördüncü ən böyük şəhəri olacaq. Ağdamda ən azı 100 min nəfərin yaşayacağı nəzərdə tutulur.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Füzulidə isə 2040-cı ilə qədər təxminən 50 min nəfərin yaşayacağı proqnozlaşdırılır:

“Hər iki baş plan beynəlxalq mütəxəssislərin və ekspertlərin iştirakı ilə hazırlanıb və bu planlarda bir çox mühüm şəhərsalma prinsipləri, qabaqcıl təcrübələr aydın şəkildə görünür. Onlardan biri çoxsaylı düz xətlərin, digəri isə dairəvi formaların, dairəvi xətlərin geniş istifadəsidir.

Bu, məqsədli şəkildə edilib, çünki biz ərazi bərabərliyinə nail olmaq istəyirik. Şəhərlərin əlçatan olması bizim üçün vacibdir. Əlçatanlıq əsas prioritetlərdən biridir. İndiyədək əsas infrastruktur baxımından 16 avtomobil yolu inşa edilib, ümumi uzunluğu təxminən 600 kilometrdir. Bir dəmir yolu xətti artıq fəaliyyət göstərir – Bakıdan Ağdama, daha dəqiqi, Bərdədən Ağdama qədər olan hissə yenidən qurulub”.

O əlavə edib ki, beynəlxalq səviyyəli bir hava limanı da istifadəyə verilib:

“Bu, Azərbaycanın ilk layihələrindən biri idi və biz onu “möcüzə layihə” adlandırırıq, çünki tam minalanmış ərazidə cəmi səkkiz aya tikilib. Səkkiz ay ərzində həm ərazini minalardan təmizlədik, həm də dünya standartlarına cavab verən hava limanı inşa etdik. Hazırda bu hava limanından fəxrlə və məmnuniyyətlə istifadə edirik. Enerji, su və qaz sahələrində də digər infrastruktur layihələri həyata keçirilir və bu proses davam edir.

Sosial-iqtisadi infrastruktur baxımından isə Ağdamda artıq üç kəndə sakinlər geri qayıdıb – insanlar doğma kəndlərinə köçüblər. Hazırda Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində təxminən 4 min nəfər yaşayır. Gələn ay ilk ağdamlıların doğma şəhərlərinə qayıtması gözlənilir. Təxminən 900 ailənin Ağdama köçməsi planlaşdırılır ki, bu da hamımız üçün çox sevindirici xəbərlərdəndir. Əlbəttə, Füzuli və Xocavənddə də bu proses davam edir. Hazırda Füzuli və Xocavənddə 3 mindən çox insan yaşayır.

Ancaq geri qayıtmaqla yanaşı, sosial-iqtisadi baxımdan iş imkanlarına da diqqət yetirmək vacibdir. Hazırda həmin ərazilərdə təxminən 2200 iqtisadi cəhətdən fəal insan var”.