BAKI, 15 oktyabr. TELEQRAF

“Hələ vətənimdə ikən Məhəmmədəmin Rəsulzadənin adını və şöhrətini eşitmişdim. Əfqanıstana gəlişimdə mərhum Məmduh Şövkət Esendal ilə Əmin bəy haqqında fikir mübadiləsi aparmışdım. Məmduh bəy Rəsulzadənin yüksək məziyyət və qabiliyyətlərindən sitayişlə danışaraq əsərlərini təmin edib mənə göndərəcəyini vəd etmişdi. Bir müddət sonra Əmin bəyin Berlində nəşr etdiyi “Qurtuluş” dərgisini müntəzəm şəkildə mənə çatdırmağa başlamışdı. Əmin bəyin yazılarını və fikirlərini yaxından təqib edərkən ona qarşı heyranlığım bir qat da artmışdı. Nəhayət, hadisələrin seyri ilə Ankaraya gəldikdən sonra bir neçə dəfə ziyarətinə gedə bildim. Bu ziyarətlər nəticəsində geniş və əhatəli bilgisinə, ali fəzilətlərinə və görüşlərinə, əhatəsinə heyranlığım getdikcə artmaqda idi. Onu itirməklə məhkum türk dünyası ən böyük mürşidlərindən və öndərlərindən birini qeyb etmişdir”.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında bu xatirələri söyləyən şəxs onun adaşı, uzaq Şərqi Türküstanın mücahidlərindən Məhəmmədəmin Buğra idi. Qəribədir ki, o, siyasi və publisistik fəaliyyəti ilə də Rəsulzadənin taleyini yaşamışdı. Hər ikisi də Ankarada Əsri məzarlığında dəfn olunmuşdu.

Şərqi Türküstanda qiyam

M. Buğra 1901-ci ildə Xotanda doğulub, 1921-ci ildə Karakaş Oybağ yeni mədrəsəsindən məzun olub. 1922-1930-cu illərdə həmin mədrəsənin baş müdərrisi olub, islami elmlərdən dərs keçib, bölgədə nüfuzlu din alimlərinə verilən “həzrətim” ünvanını qazanıb. 1931-ci ildə altı ay müddətində bölgə daxilində səyahətə çıxıb, Kulcada din alimi Sabit Damolla ilə tanışlıqdan sonra Şərqi Türküstanın Çin əsarətindən qurtarılması yolunda fəaliyyət göstərib.

1931-ci ildə Şərqi Türküstanın Çinlə bitişik Kumul vilayətində mərkəzi hökumətə qarşı milli hərəkat başlayıb, qısa zamanda qiyam bütün əyalətə yayılıb. Buğra bu dövrdə - 1932-ci ilin sentyabr ayında Xotanda Milli İxtilal Təşkilatını yaradıb. Xalqının taleyinə biganə qala bilməyən Buğra 1933-cü ilin fevral ayında Hindistanla sərhəddə olan Xotan və Yarkənd vilayətlərində qiyam edib, nəticədə Xotanda keçici hökumət təşkil edilib. Məhəmmədəmin bəy Baş komandan vəzifəsini yerinə yetirib.

1934-cü ildə milli hərəkatın məğlubiyyətindən sonra Buğra Hindistana mühacirət edib. Daha sonra Əfqanıstana keçən Buğra 1943-cü ilə qədər Kabulda Şərqi Türküstana dair tədqiqatlarla məşğul olub. Kabulda ikən 1939-cu ildə ömrünün sonuna qədər Şərqi Türküstanın azadlığı uğrunda çalışan İsa Yusif Alptəkinlə qarşılaşıb, Türkiyənin Əfqanıstandakı səfiri Məmduh Şövkət Esendalın tövsiyəsi ilə birlikdə siyasi mücadiləyə davam ediblər. Buğra 1942-ci ildə Əfqanıstandan Hindistana keçərkən ingilislər tərəfindən altı ay müddətinə həbs edilib, 1943-cü ildə Çinə dönməsi şərtilə azad olunub. Müharibə dövründə Çinin paytaxtı olan Çonqçinqə gələn Buğra orada Məsud Səbri, İsa Yusif Alptəkin, Qədir Əfəndi ilə birlikdə Yurddaşlar Cəmiyyətini yaradıb.

1944-cü ildə Şərqi Türküstanda yenidən üsyan baş verib. Hərbi müdaxilə ilə bu üsyanın yatırtmağa çalışan Çin hökuməti ilə Şərqi Türküstan təmsilçiləri arasında görüş baş tutub. 4 aprel 1944-cü ildə M. Buğra İ.Y. Alptəkinlə birgə marşal Çan Kay Şi ilə görüşüb, 27 maddəlik tələblər irəli sürülüb. Həmin tələblərin bəziləri bunlardı: Şərqi Türküstana muxtariyyətin verilməsi; Çinlilər tərəfindən bölgəyə verilən “Sinkiang” (Sincan) adının ləğv edilməsi, tarixi adın bərpası. Buğra bölgənin adının dəyişdirilməsi ilə bağlı Çin mətbuatında da məqalələr qələmə alıb.

Şərqi Türküstanlıların qiyamı və liderlərin mücadiləsi nəticəsində Şərqi Türküstanın şimalındakı Kulca, Tarbaqatay və Altay vilayətlərindən ibarət 12 noyabr 1944-cü ildə Əli xan Törənin rəhbərliyində mərkəzi Kulca (İli) olan Şərqi Türküstan hökuməti qurulub. 6 iyun 1946-cı ildə isə birləşmiş əyalət hökuməti təsis edilib, Buğra da bu hökumətdə yer alıb. 1946-cı ildə nafiə naziri, 1948-ci ildə vali müavini olub. Buğra həmin vaxtlar paytaxtda nəşr olunan “Altay” jurnalında, Urumçidə çıxan “Erk” qəzetində məqalələr qələmə alıb. Eləcə də Türküstan Türk Millətçi Partiyasının təməlini qoyub.

Lakin 1949-cu ildə Çində qırmızıların millətçi Çin hökumətini devirməsi ərəfəsində Buğra İsa Yusif və digər silahdaşları ilə birgə yenidən Hindistana mühacirət edib. Orada Baş nazir Nehru ilə görüşüb, eləcə də Türkiyə ilə təmas qurub, nəticədə özü və 1850 nəfər şərqi türküstanlı Türkiyəyə gəlib.

Türkiyədə yenidən mücadilə

1951-ci ildə Məhəmmədəmin Buğra Türkiyəyə gəlib. Nihal Atsızın çap etdiyi “Orkun” dərgisi ondan Şərqi Türküstanla bağlı müsahibə alıb. Buğra bölgədəki türklük şüurunun hansı səviyyədə olmasıyla bağlı sualı bu şəkildə cavablandırıb:

“Şərqi və Qərbi Türküstandakı türklərin vücudlarına ana südü ilə girmiş türklük duyğusu düşmən basqısı ilə daha da qüvvətlənmişdir. Urumçidəki rus Baş konsulluğundakı böyük vəzifədə olan bir türkün Krım və Qafqaz türklərinin məhv edildiklərini mənə danışarkən gözündən necə yaş axdığını heç unutmuram”.

Çin və Rusiya arasında mücadilə meydanına çevrilən Şərqi Türküstanın SSRİ baxımından əhəmiyyətini Buğra belə açıqlayıb: “Şərqi Türküstan neft, qızıl, kömür, dəmir və başqa ibtidai maddələr baxımından çox zəngin bir məmləkətdir. Bu səbəblə çarlıq dövründən bəri rus imperializminin ağzının suyu axırdı. Son illərdə orada uran, volfram və platin mədənlərinin gözləniləndən çox olduğu aşkarlandı. Bundan əlavə atom dövründə Şərqi Türküstanın coğrafi mövqeyi də ən əmin bir strateji mərkəz olmaq qabiliyyətindədir. Buna görə də ruslar hər fürsətdə Şərqi Türküstanı ələ keçirməyə çalışıblar”.

Buğra Şərqi Türküstandakı qiyamlar və liderlərlə bağlı suala bu şəkildə cavab verib:

“1949-cu ilin sonlarından etibarən kommunistlərə qarşı savaş başlamışdı. Bu milli cəbhələrin başında duran Osman Batur, Canımxan, Yolbarsbay, Orazbay, Rahmanoğlu, Mehmed Niyaz və digərləri, onlara qoşulan 20 mindən çox millət qəhrəmanları Çin kommunist ordusunu məğlub etmiş, 40 minə yaxın kommunisti məhv etmişdilər. Ruslar Çin kommunist ordusunun yenildiyini görüncə biri zirehli, biri piyada olmaqla iki ordunu Şərqi Türküstana soxdular. Çətin savaşlardan sonra 1951-ci ilin əvvəllərində milli qüvvələr yenilməyə başladılar. Adlarını çəkdiyim qəhrəmanlardan Osman Batur, Canımxan, Orazbay və Rahmanoğlu başda olmaqla 13 min nəfər şəhid oldu”.

Buğra Rəsulzadə kimi bir tərəfdən siyasi fəaliyyətlə məşğul olub, digər tərəfdən kitab və məqalələri ilə vətəninin tarixini və bugünkü vəziyyətini dünyaya çatdırıb. 1940-cı ildə onun Kəşmirdə “Şərqi Türküstan” adlı əsəri işıq üzü görüb. 1952-ci ildə Ankarada “Doğu Türküstanın tarixi, coğrafiyası və indiki vəziyyəti” adlı mühüm bir kitabı nəşr edilib. Bu kitabın adı da Rəsulzadənin 1923-cü ildə İstanbulda çıxartdığı “Azərbaycan Cümhuriyyəti, keyfiyyət-i təşəkkülü və indiki vəziyyəti” kitabın adına bənzəməkdədir.

1959-cu ildə Ankarada onun “Tibet və Doğu Türküstan haqqında bilinməyən siyasi mövzular” və “Daşkənd konfransının iç üzü”, 1960-cı ildə “Dehli konfransı və Tibet” adlı risalələri nəşr olunub. Rəsulzadə kimi bədii yaradıcılığı da olan Buğranın 1948-ci ildə Urumçidə pyesi də işıq üzü görmüşdü.

Buğra Türkiyədə “Türküstanın səsi” adlı jurnal da nəşr edib. Şərqi Türküstanın azadlığı üçün çalışan Məhəmmədəmin bəy Səudiyyə Ərəbistanı, İordaniya və digər bölgələrdə baş tutan beynəlxalq konfranslara qatılıb.

Buğra 14 iyun 1965-ci ildə Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub.

Beləliklə, iki Məhəmmədəminin vücudu eyni məzarlıqda Türkiyə torpağına əmanət edilib.