BAKI, 11 iyul. TELEQRAF
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Abduləli Abdullayev 87 yaşında vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
A.Abdullayevin xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Abduləli Mehman oğlu Abdullayev 1938-ci ildə Lənkəran rayonunun Liman şəhərində anadan olub.
Orta təhsilini Liman şəhər 1 saylı orta məktəbdə alıb. Hərbi xidmətini Qazaxıstanda başa vurduqdan sonra Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasına qəbul olub və sovet respublikaları üçün rəhbər kadrlar hazırlayan fakültəsini bitirib.
Salyan, Kürdəmir, Oğuz, Tovuz və Xaçmaz rayon daxil işlər şöbəsinin rəisi vəzifələrində çalışıb.
Daha sonra Daxili İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi işləyib. 1984-87-ci illərdə DİN-nin Xüsusi Milis (Polis) Məktəbinin rəisi olub.
1987-1992-ci illərdə DİN-də xidmət üzrə rəisi vəzifəsində çalışıb. 1988-ci ildə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.
1992-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılıb. 1992-97-ci illərdə Ticarət Nazirliyində hüquq şöbəsinin müdiri işləyib.
1997-2002-ci illərdə Milli Aviasiya Akademiyasının “Hüquqşunaslıq” kafedrasında baş müəllim, 2002-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti olub.
