
BAKI, 6 iyul. TELEQRAF
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Bu barədə Teleqraf-a Vəkillər Kollegiyasından məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 421 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 410 nəfər iştirak edib və onlardan 196 nəfəri uğur qazanıb.
Bildirmək istərdik ki, uğur qazanan namizədlərdən 5-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxslərdir.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 21.07.2025-ci il tarixdən 22.08.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;
8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
9. Vəkilin şəxsi məlumat vərəqəsi;
10. Tərcümeyi-hal.
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
***
13:32
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2025-ci il iyulun 6-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.
Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 410 namizəd iştirak edib. Ümumilikdə, 196 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 191, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 5) tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 9 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.