
BAKI, 20 may. TELEQRAF
"Korupsiya insanların fundamental hüquq və azadlıqlarını ciddi şəkildə pozur".
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi “GlobE Network” 6-cı Plenar İclası zamanı bildirib.
O bildirib ki, bu mənfi hal yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin rifahına, ədalətə və sosial inkişafa zərbə vurur:
"Korrupsiya hüquq bərabərliyini sarsıdır, dövlət idarəçiliyinə olan inamı azaldır və ictimai resursların qeyri-effektiv istifadəsinə səbəb olur. O, təhsildən səhiyyəyə, iqtisadiyyatdan ətraf mühitə qədər hər bir sahəyə təsir göstərərək davamlı inkişafı ləngidir. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə yalnız bir ölkənin deyil, beynəlxalq ictimaiyyətin birgə məsuliyyətidir.
Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının üzvü kimi bu sahədə öhdəliklərinə sadiqdir və beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan antikorrupsiya sahəsində həm milli səviyyədə ciddi islahatlar aparır, həm də beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. BMT isə bu sahədə Azərbaycanın səylərini yüksək qiymətləndirir və hər zaman Bakının korrupsiyaya qarşı mübarizədəki təşəbbüslərinə dəstək verməyə davam edəcək".