BAKI, 25 aprel. TELEQRAF
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə 2025-ci ilin I rübüna dair Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.