BAKI, 24 aprel. TELEQRAF
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, iqtisad elmləri namizədi, dosent Vaqif Quliyev vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Alim 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Quliyev Vaqif Məhərrəm oğlu 10 noyabr 1950-ci ildə Gürcüstan Respublikası Bolinisi rayonunun Ayorta kəndində anadan olub.
1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirib və həmin ildə təyinatla Azərbaycan SSR Dövlət Əmək Əmanət kassaları idarəsində inspektor-mühasib vəzifəsində işləyib
1976-1979-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyat İnstitutunda aspiranturada təhsil alıb, 1981-ci ildə orada namizədlik dissertasiyası müdafiə edib. İqtisad elmləri namizədidir.
1974-1987-ci illərdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və Təşkili İnstitutunda kiçik və baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində işləyib.
1998-ci ildən İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının dosenti olub.
