BAKI, 10 aprel. TELEQRAF
Xaricdə yaşayam bloger İmaməddin Əlimanov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Teleqraf İTV-yə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.
Təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü Əlimanov İmaməddin İntiqam oğludur. Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə 12:00-da Bakı şəhərində Baş Prokurorluğun istintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir.
İ.Əlimanova münasibətdə 212006010 nömrəli cinayət işi üzrə Azərbaycanın Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 21 may 2021-ci il tarixli qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda youtube media sosial hesabında "Xalq TV" adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən "Osmanqızı TV" və "İnqilab TV" kanallarında yerləşdirdiyi video-müraciət və çıxışlarında digər şəxslərlə əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu məlumatların yayılmasına əsaslı şübhələr müəyyən edilib.
İ.Əlimanov istintaqdan yayınaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham olunması mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.