BAKI, 10 aprel. TELEQRAF

Bu gün Dənizkənarı Milli Parkda Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, sərgi 10-13 aprel tarixlərində davam edəcək.

Bu müddət ərzində ziyarətçilər müxtəlif pavilyonlarda Qətərin zəngin milli irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Sərgidə Qətərin milli geyimləri, mətbəxi, musiqisi, toxuculuq və kalliqrafiya sənəti nümunələri nümayiş olunur.

Bundan əlavə, Qətərdən dəvət olunmuş musiqiçilərin iştirakı ilə sərgi günləri ərzində konsert proqramları da təşkil ediləcək. Bu tədbirlər iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan ilə Qətər Dövləti arasında münasibətlər qarşılıqlı etimada və dostluğa əsaslanır. İki ölkə müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, iqtisadiyyat və diplomatiya sahələrində uğurla əməkdaşlıq edir. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal və səmərəli əməkdaşlıq nümayiş etdirir.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada keçirilən Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Bundan əvvəl 2009-cu ilin iyun ayında da Bakıda Qətər Mədəniyyəti Günləri təşkil olunub.

Bu cür tədbirlər Azərbaycan və Qətər arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da güclənməsinə töhfə verir.