
TBİLİSİ, 21 mart. TELEQRAF
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Laqodexi rayonunun Qabal kəndini ziyarət edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.
Dövlət naziri Laqodexi meri Condo Mdivnişvili, parlament üzvü Quram Maçarişvili və yerli idarəetmə orqanlarının nümayəndələri ilə birgə Uzuntala kəndində bayram münasiətilə yaradılmış müxtəlif guşələrlə tanış olub.
T.Axvlediani mədəni və idman tədbirlərinə də baş çəkib, armrestlinq üzrə turnirin qaliblərinə simvolik hədiyyələr təqdim edib. O, həmçinin gənclərlə birgə tonqalın alovlandırılması mərasimində də iştirak edib.
Dövlət naziri Kaxeti bölgəsində Novruz bayramını Qabal icması ilə birgə qeyd etmək fürsətindən şad olduğunu bildirib.
“Gürcüstan tarixən öz etnik və mədəni müxtəlifliyi ilə seçilib. Zəngin ənənələri və mədəniyyətlərarası əlaqələrin qorunması və gücləndirilməsi vətəndaş bərabərliyi və inteqrasiya siyasətimizin əsas vəzifələrindən biridir. Novruz bayramını birlikdə qeyd etmək və bu bayram sevincini bölüşmək bunun rəmzi ifadəsi və təsdiqidir”, – T. Axvlediani söyləyib.
O, soydaşlarımızı bayram münasibətilə təbrik edib, onlara sülh, cansağlığı və əmin-amanlıq arzulayıb.
Novruz bayramı şənliyinə konsert proqramı ilə yekun vurulub.