.jpg)
BAKI, 18 mart. TELEQRAF
Məşədi Əli Zeynəlabidin oğlu. 57-ci alayın əsgəri. 1877-ci ildə Bakıda doğulub. 23 may 1915-ci ildə Çanaqqala müharibələrində şəhid olub. Çünki ona ölməyi əmr etmişdilər…
110 il sonra həmin əsgərin təmsili məzarının yanındayıq. Hər tərəf bu cür məzarlarla gülüstana çevrilib. Gənc tarixçinin başına yığışmışıq. Həyəcanla baş verənləri danışır. Gəncin gözlərinə baxıram, kim bilir indiyədək bu hadisələri neçə dəfələrlə danışıb, amma eyni şövq, eyni ruhla… Çünki bura Zeynəlabidinin bir zamanlar ziyarət etdiyi torpaqlar kimi müqəddəs bir yerdir. Çanaqqala şəhidlər xiyabanıdır.
Türkiyəyə gəldiyim gündən bəri həmişə Çanaqqalaya getməyi istəmişdim. Nəhayət, martın 15-də Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının təşkilatçılığı ilə bu arzuma çatdım. İstanbulun Kadıköy bolgəsindən avtobusla yola düşdük. İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin müsafiri olaraq onların heyəti ilə bu yolçuluğa başladıq…
Yolboyu bu tarixi hadisəni xatırladım. Tarixçilər nə qədər bu düşüncələrdən uzaq qaçsalar da, həmişə “baş verənlərin əksi olsaydı, gedişat necə olardı” deyə özlərinə sual verməkdən də vaz keçə bilmirlər. Məni də bu sual didib parçalayırdı: Ya Çanaqqala keçilsəydi? O zaman nələr olacaqdı?
Əvvəlcə hadisənin mahiyyətini yada salaq.
Çanaqqala savaşı Birinci Dünya müharibəsi çərçivəsində Osmanlı İmperiyası ilə Antanta dövlətləri – Böyük Britaniya, Fransa və onların müstəmləkələri arasında baş vermiş mühüm bir döyüş idi. Bu müharibənin əsas səbəbi Çanaqqala və İstanbul boğazlarının strateji əhəmiyyətə malik olması idi. Boğazlar Qara dənizi Aralıq dənizi ilə birləşdirərək Rusiyanın Qərb müttəfiqləri ilə əlaqəsini təmin edən əsas ticarət və hərbi nəqliyyat yollarından biri sayılırdı. Müttəfiq qüvvələr boğazları ələ keçirərək Osmanlı İmperiyasını müharibədən çıxarmaq və Rusiyaya yardım göndərmək istəyirdi. Osmanlı isə bu hücuma qarşı öz ərazi bütövlüyünü qorumaq və müttəfiqlərinin – Almaniya və Avstriya-Macarıstanın dəstəyini gücləndirmək məqsədilə Çanaqqala bölgəsində güclü müdafiə qurmuşdu. Döyüş iki əsas mərhələdən ibarət idi: dəniz döyüşləri və quru döyüşləri.
Müttəfiqlər ilk olaraq boğazı dənizdən keçməyə cəhd etdilər. 18 mart 1915-ci ildə baş verən həlledici dəniz döyüşündə Osmanlı ordusu boğazı şiddətli müdafiə ilə qoruyaraq düşmənin irəliləməsinin qarşısını aldı. Xüsusilə, dənizə yerləşdirilən minalar və sahil artilleriyası müttəfiq donanmasına ciddi itkilər yaşatdı. Bu məğlubiyyətdən sonra müttəfiqlər quru hücumuna keçməyə qərar verdilər.
Quru döyüşləri əsasən Gelibolu yarımadasında baş verdi. Müttəfiq qüvvələr burada bir neçə desant əməliyyatı həyata keçirdi. Ən çətin döyüşlərdən biri olan Anzak Döyüşü Avstraliya və Yeni Zelandiya qüvvələrinin iştirakı ilə reallaşdı. Osmanlı ordusu Mustafa Kamalın rəhbərliyi ilə müttəfiqlərin irəliləməsinin qarşısını aldı. Onun "Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm" sözləri döyüş meydanındakı əzmkarlığı və fədakarlığı ifadə edirdi. Quru döyüşləri boyunca hər iki tərəf ağır itkilər versə də, Osmanlı ordusunun möhkəm müdafiə mövqeyi həlledici rol oynadı.
Bu savaşda Osmanlı ordusu müasir texnologiya və üstün qüvvəyə malik müttəfiqlərə qarşı qəhrəmanlıqla döyüşdü. Mustafa Kamal paşanın burada göstərdiyi liderlik bacarığı ona milli qəhrəman statusu qazandırdı. Çanaqqala savaşı türklər üçün milli qürur və şərəf rəmzinə çevrildi, "Çanaqqala keçilməz" ifadəsi isə xalqın yaddaşında silinməz iz buraxdı.
Osmanlı İmperiyası bu müharibədə qələbə qazansa da, ağır insan və maddi itkilərə məruz qaldı. Müttəfiq dövlətlər isə bu məğlubiyyətdən sonra Osmanlıya qarşı yeni strategiyalar müəyyənləşdirərək müharibəni digər cəbhələrdə davam etdirdilər…
Sualımıza qayıdaq, ya Çanaqqala keçilsəydi? Rusiya güclənəcəkdi, imperiyanın dağılması gecikəcəkdi, nəticədə Cənubi Qafqaz xalqları üç il sonra azadlıqlarına qovuşmayacaqdı… Bu baxımdan Çanaqqala savaşı bizim üçün olduqca önəmli tarixi hadisədir.
Çanaqqalada nə qədər azərbaycanlı iştirak edib? Bu sualın konkret cavabı yoxdur. Amma üç min nəfər azərbaycanlının döyüşməsi iddiası mümkünsüz bir haldır. Əvvəla, Türkiyə arxivlərində bütün şəhidlərin, əsgərlərin adları var. Orada güneyli quzeyli çox az əsgərin adı qeyd olunub. İkincisi, azərbaycanlılar o dövrdə Osmanlının savaşdığı çar Rusiyasının təbəəsi idilər. Üç min insanın Qafqazdan getməsi mümkünsüzdü. Şübhəsiz ki, müxtəlif alayların tərkibində həm zabit, həm də əsgər olan azərbaycanlılar olublar. Amma say məsələsi önəmli deyil. Bir nəfər əsgər də o savaşda iştirak edibsə, ona abidə qoyulmalı idi. Necə ki, 2023-cü ildə dövlət başçısının təşəbbüsü ilə şəhidliyin girişində azərbaycanlı əsgərlərin xatirəsinə abidə qoyulub.
O abidənin önündə himnlərimizi oxuduq, çıxışlar etdik. Ardınca uzaqdan əzəmətli görünən anıta doğru yola düşdük.
Simvolik məzarlara baxıb Bakıda doğulduğu yazılan əsgərin qəbrində dayanıram. Kim bilir fələyin hansı rüzgarı onu buralara gətirmişdi… Ziyarətdənmi qayıdırdı? Yoxsa başqa bir səbəbdənmi? Kim olduğunu bilməsək də, hazırda milyonlarla azərbaycanlını qürurlandıran bir yola çıxmışdı…
Dörd sütun və bir qübbədən ibarət, 41,7 metr hündürlüyündə olan Çanaqqala abidəsi Feridun Kip, İsmayıl Utkular və Doğan Ərginbaş tərəfindən dizayn edilib. Abidənin təməli 19 aprel 1954-cü ildə qoyulub, 21 avqust 1960-ci ildə açılışı olub.
Abidənin ətrafında gəzirik, əzəmətini, ruhunu hiss edirik. Anıt savaşın, o qəhrəmanlığın ruhunu yüksək səviyyədə əks etdirirdi. Boğazdan keçən bütün gəmilər o abidəni görürlər və şəhidlərin xatirəsini anmaq üçün mütləq ki fit çalırlar… Bu həm sevgi, həm də məcburiyyətdir. Çanaqqala elə bir zəfərdir ki, qaliblər də onu təsdiqləməyi borc biliblər.
Yazılanlara görə, Mustafa Kamal paşa cümhuriyyət illərində verdiyi bir ziyafətdə bir ingilis zabitin ona nifrətlə baxdığını görür. Səbəbini öyrənməyə çalışır. İngilis “Mustafa Kamal Çanaqqalada atamı öldürüb” deyir. Bu cavabı öyrənən paşa deyir: “Gedin soruşun ki, atasının Çanaqqalada nə işi vardı?”
Məşədi Əli Zeynəlabidin oğlunun Çanaqqaladakı işi vətəni qorumaq idi. Bizim işimiz bu tarixi hadisəni 110-cu ildönümündə ehtiramla yad etmək idi… Düşmənlərin işi isə boğazın soyuq sularına gömülmək idi…