
BAKI, 17 mart. TELEQRAF
"Babamı sonuncu dəfə xəstəxanaya aparanda vəziyyəti ağır-stabil idi. Son üç ayda xəstəxanaya düşdü və orada üçüncü dəfə insult, iki dəfə gizli mikroinfarkt keçirdi. Xəstəxanaya yerləşdirildi, amma həkim nəzarətində olmasına baxmayaraq, müsbət irəliləyiş olmadı".
Bunu Teleqraf-a açıqlamasında mərhum xalq artisti Ənvər Həsənovun nəvəsi Murad Həsənov deyib:
"Son 15 gündə, xəstəxanadan çıxdığı gündən indiyə qədər yaddaşı pisləşməyə başladı. Həkimlər bizə bildirdilər ki, bir gün sizi tanıya, bir gün tanımaya bilər. Vəziyyəti tədricən daha da pisləşməyə başladı. Həmişə babam səhhəti ilə bağlı şikayət edirdi, bizə deyirdi ki, hazırlıqlı olun. Hər zaman həkim yoxlanışında olurdu. Üç il idi səhhətində ciddi problemlər yaranmışdı. Daim xəstəxanaya aparırdıq.
Babam gənc nəsildən çox danışırdı, amma müsbət tərəfə yox. Kino sahəsini tənqid edirdi. Deyirdi, vaxtilə kino sahəsinə verilən dəyəri indi görmürük".
Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib ki, atası 16 gün idi evdə koma vəziyyətinə düşmüşdü: "Səhhəti günü-gündən ağırlaşırdı. Dünən canını tapşırdı. Mənə heç nə deyə bilmədi.
Atamın "Uşaqlığın son gecəsi” filmindəki Murad obrazını çox sevirdim. Atam oğluma obrazına görə Murad adını verib".
Aytən Həsənova onu da vurğulayıb ki, vida mərasiminin media tərəfindən çəkilişinə icazə verilmir.