
BAKI, 17 mart. TELEQRAF
Suriyada dayanıqlı sülh yalnız inklüziv siyasi proseslə mümkündür və bu məqsədlə Almaniya ölkəyə və regiona əlavə 300 milyon avro maliyyə dəstəyi göstərəcək.
Teleqraf xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Annalena Berbok səsləndirib.
XİN rəhbəri qeyd edib ki, Suriyada keçid hökuməti dinc sakinlərə qarşı törədilən dəhşətli cinayətlərin günahkarlarını cəzalandırmaqla yanaşı, həm də təhlükəsizlik aparatının müxtəlif subyektlərinə nəzarət etməlidir.
Berbokun sözlərinə görə, Suriya prezidenti öz rolunu ölkənin bütün vətəndaşlarının maraqları naminə yerinə yetirməlidir.
“Bu böyük vəzifənin icrası üçün Almaniya BMT-yə və digər təşkilatlara əlavə 300 milyon avro ayıracaq. Bu vəsait Suriya və regiondakı əhalinin ehtiyacları üçün, o cümlədən humanitar yardım, vətəndaş cəmiyyətinin dəstəklənməsi və təhsil sisteminin inkişafı məqsədilə istifadə olunacaq”, - nazir qeyd edib.
Bildirilib ki, sözügedən məbləğin 168 milyon avrosu Almaniya XİN, 133 milyon avrosu isə İqtisadi İnkişaf Nazirliyi tərəfindən ayrılacaq.
Tədbirlərin BMT-nin humanitar yardım agentlikləri və qeyri-hökumət təşkilatları vasitəsilə icra olunacağı və Suriya keçid hökuməti ilə birgə həyata keçirilməyəcəyi vurğulanıb.