
BAKI, 17 mart. TELEQRAF
Son bir neçə gündə Türkiyə mətbuatında Ermənistanla bağlı heç vaxt olmadığı qədər sərhədlərin açılmasının vacibliyini vurğulayan xəbərlər və materiallar dərc olunub.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş Naziri Aparatının mətbuat xidmətinin rəhbəri Qor Sarukyan deyib.
Rəsmi bildirib ki, ötən həftə əməkdaşları Ermənistanda olan Türkiyənin “TRT World”, “İhlas”, “Anadolu”, T24, “Medyascope”, “Hürriyet”, NTV, “Sözcü” və digər media qurumları hazırladıqları reportajlar və analitik proqramları yayımlayıblar.
Sarukyan qeyd edib ki, ümumilikdə, Ermənistan-Türkiyə nizamlanması, sərhədlərin açılması, Ermənistan-Azərbaycan nizamlanması, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın fikirlərini təqdim edən 20-yə yaxın televiziya və radio reportajı yayımlanıb.
“Hesabat və analitik proqramlardan əlavə, Türkiyənin internet mediasında 5-dən çox material da dərc olunub ki, onlar da əsasən Ermənistandan verilən mesajları təqdim edir”, - ölkə rəsmisi vurğulayıb.