
BAKI, 17 mart. TELEQRAF
Almaniya Prezident Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender 30 mart – 2 aprel tarixlərində Azərbaycan və Ermənistanda səfərdə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikası Prezidentinin mətbuat üçün bülletenində məlumat verilib.
Məlumatda deyilir ki, bu, Almaniya prezidentinin hər iki ölkəyə ilk səfəri olacaq.
Səfər çərçivəsində Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. O daha sonra İçərişəhəri ziyarət edəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə multikulturalizm və dinlərarası dialoqda iştirak edəcək. Prezidentin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı paneldə iştirakı da nəzərdə tutulur.
Almaniya prezidenti Ermənistanda bu ölkədən olan həmkarı Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşəcək. Sonra İrəvanda elmi mərkəzi ziyarət edəcək, səfərinin ikinci günündə Dilicanda qadın sahibkarlarla görüşəcək, ardınca Sevan gölü (Göyçə - red.) ətrafında yerləşən erməni kilsəsi və hidrometereoloji stansiyaya baş çəkəcək.