
BAKI, 17 mart. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın danışıqları vasitəçilərlə davam etdirmək cəhdlərinə imkan verməyəcək.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.
“Azərbaycan üçün sülh sazişinin imzalanmasının ilkin şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir və bunun ardınca hərbi cinayətkarların (Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan və digərləri – red.) təhvil verilməsi tələbi qoyulacaq. Ardınca 350 minə yaxın azərbaycanlının Ermənistan ərazisində məskunlaşması (Qərbi Azərbaycan məsələsi – red.) baş verəcək”, - deputat bildirib.
Xaçaturyan Ermənistan-Azərbaycan sazişi üzrə danışıqların başa çatmasından dərhal sonra Paşinyanın Rusiya, İran və Fransa prezidentlərinə zəng etməsi barədə suala belə cavab verib:
“Düşünürəm ki, Paşinyan indi Qərbin tamamilə fərqli prioritetlərə sahib olduğunu anlayır. Məsələn, Bayden administrasiyasının son günlərində Ararat Mirzoyan və Entoni Blinken bir sənəd imzalamışdı, amma ötən həftə Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Bakıya getdi, amma İrəvana gəlmədi.
Başqa sözlə, İrəvan anlayır ki, Qərbin indi bir az fərqli prioritetləri var, Avropanın özü ABŞ-nin elan etdiyi yeni siyasət fonunda təhlükəsizlik məsələlərini həll etməyə çalışır, Rusiya ilə ABŞ arasında yaxınlaşma gedir. Ermənistan nə qədər Mirzoyanın dediklərini təkrarlayaraq, özünü yırtmağa çalışsa da, Qərbin prioritetləri dəyişib”.
Xaçaturyanın fikrincə, Ermənistan yenidən Azərbaycanla danışıqlar üçün vasitəçi tapmağa çalışır: “Amma Əliyev qadağa qoyub, vasitəçilərə imkan verməyəcək”.