BAKI, 17 mart. TELEQRAF

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri, Gürcüstan parlamentinin deputatları, yerli icra orqanlarının rəhbərləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və Gürcüstan Patriarxlığının təmsilçiləri, din xadimləri və icma üzvləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan soydaşlarımızla bağlı belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, iki dövlət arasında tarixin sınaqlarından çıxmış qarşılıqlı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Faiq Quliyev bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz milli və dini adət-ənənələrinə sıx bağlıdırlar. Milli-mənəvi dəyərlərin qorunması, təşviqi, gələcək nəsillərə də ötürülməsi üçün müxtəlif dərnəklər, cəmiyyətlər fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, biz eyni regionda əsrlər boyu yaşamış xalqlar kimi ümumi mədəni dəyərləri bölüşürük. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda çoxmillətli və çoxkonfessiyalı ölkələr kimi tanınırlar. Bu mənada, multikulturalizm və tolerantlıq iki xalqı birləşdirən ortaq dəyərlərdir. Komitə sədri əlavə edib ki, bu dəyərlər xalqlarımızın milli sərvətləri kimi qəbul edilir. Bugünkü iftar məclisi xalqlarımızın yüzilləri əhatə edən dostluğunun, dövlətlərimizin strateji tərəfdaşlığının təsdiqi olmaqla yanaşı, həm də tolerantlıq kimi ümumbəşəri dəyərləri bölüşdüyümüzün təcəssümüdür. R.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin siyasəti hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz tarixi vətəni ilə mənəvi bağlarının gücləndirilməsinə xidmət edir. Xaricdə yaşayan azərbaycanlılar arasında dini maarifləndirmə işinin təşkili, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi ilə əlaqədar təşəbbüslər soydaşlarımız arasında birliyin möhkəmləndirilməsinə, onların Azərbaycanla mənəvi bağlarının gücləndirilməsinə töhfə verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev çıxışında eyni coğrafi bölgədə yaşayan xalqlarımız arasındakı əlaqələrin qədim və zəngin tarixə malik olduğunu bildirib. Ölkələrimizin əməkdaşlığının iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını, bu cür yüksək mənəvi dəyəri olan tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd edb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Departament rəhbəri Davit Davitaşvili çıxışında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların vətəndaş hüquqları konstitusiya ilə qorunur və onlar müxtəlif dövlət və hökumət strukturlarında, qanunverici orqanda, yerli icra qurumlarında təmsil olunur, ictimai həyatda yaxından iştirak edirlər. Davit Davitaşvili dövlətin müsəlman əhalinin dini etiqad azadlığına hörmətlə yanaşdığını, bütün icmaların qarşılıqlı anlayış və tolerantlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Rustavi şəhərinin meri Nino Latsabidze Ramazan ayı münasibətilə müsəlmanları təbrik edərək, Gürcüstanda, eləcə də Rustavi şəhərində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq mühitinin əhəmiyyətinə diqqət çəkib.

Gürcüstan Parlamentinin deputatı İrakli Satakişvili, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov Ramazan ayının İslam aləmi üçün önəmi, həmçinin verilən iftar süfrəsinin həmrəyliyi, dostluq və əməkdaşlığı təşviq etməsi barədə danışıblar.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunduqdan sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.