BAKI, 17 mart. TELEQRAF

Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək.

Teleqraf xəbər verir ki. bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək.

Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.