
BAKI, 17 mart. TELEQRAF
Dövlət Sərhəd Xidməti (DSX) Hərbi Prokurorluqla birgə Novruz bayramına həsr olunmuş tədbirlər keçirib.
Bu barədə Teleqraf-a DSX-dan məlumat verilib.
Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması və gənc nəsilə aşılanması məqsədilə hər il təntənəli şəkildə qeyd olunan Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi hissələrdə silsilə tədbirlər baş tutub.
"Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Hərbi Prokurorluğun nümayəndələri, DSX-nın şəxsi heyəti və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər Azərbaycan xalqının qədim tarixə malik olan Novruz bayramının milli birlik və həmrəyliyi təcəssüm etdirdiyini ifadə etmiş, bu bayramın ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilməsinin dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulanmışdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatların, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd edilib. Tədbirlərdə konsert proqramları təşkil olunmuş, bayram tonqalları qalanmış, Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək hərbi qulluqçularla bayram sevincini bölüşmüş, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçulara DSX-nin və Hərbi Prokurorluğun rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. Tədbirlər yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda başa çatmış, şəxsi heyətə xidmətdə uğurlar arzulanmışdır", - deyə məlumatda qeyd olunub.